"Yeni konstitusiya layihəsi Ermənistan vətəndaşlarının Azərbaycana təhvil verilməsinə imkan yaradır".
Turkustan.az xəbər verir ki, bunu erməni vəkil Ovanes Xudoyan yerli mətbuata deyib.
Layihədə vətəndaşlığa xitam verilməsi ilə bağlı yeni müddəaya diqqət çəkən vəkil bildirib ki, bu yeni müddəa - vətəndaşlıqdan məhrumetmə bir təzyiq vasitəsi kimi nəzərdə tutulub, insanlar öz fikirlərinə görə həbsxanaya düşməkdən qorxmadıqları üçün hakimiyyət təzyiq göstərməyin yeni bir üsulunu düşünüb tapıb.

"Eyni zamanda, həmin müddəa Ermənistan vətəndaşlarının digər ölkələrə ekstradisiya edilməsinə qoyulan qadağadan yayınmağa və başqa ölkələrin, o cümlədən Azərbaycanın tələb etdiyi hallar üçün ekstradisiyaya imkan yaradır. Azərbaycan üçün Dağlıq Qarabağ ərazisində və ya ona bitişik rayonlarda xidmət etmiş hər kəs cinayətkar hesab olunur - ya sərhədi qanunsuz keçdiyi, ya da hərbi əməliyyatlarda iştirak etdiyi üçün. Burada xidmət etmiş istənilən şəxs vətəndaşlıqdan məhrum edildikdən sonra Azərbaycana ekstradisiya oluna bilər".
Öz növbəsində konstitusiyaya təklif edilən müvafiq dəyişikliklər barədə danışan "Ermənistan" fraksiyasından olan deputat Aqnes Xamoyan da qeyd edib ki, yeni konstitusiya layihəsinə əsasən, mitinqlərdə iştirak edən istənilən şəxs vətəndaşlıqdan məhrum edilə bilər:

"Bu gün insanları həbsə atırlar, sabah isə təkcə həbsə atmayacaqlar, eyni zamanda vətəndaşlıqdan da məhrum edəcəklər. Mitinqdə hər hansı iştirak, şəxsin vətəndaşlıqdan məhrum edilməsi üçün əsas yaradacaq şəkildə təqdim oluna bilər".
Qeyd edək ki, Qarabağ münaqişəsinin başlanmasından bu yana Azərbaycanda 300-dən çox cinayət törətmiş erməni terrorçu barədə cinayət işi başladılıb və barələrində beynəlxalq axtarış qərarı verilib. Həmin 300 nəfər arasında Ermənistanın keçmiş prezidentləri Serj Sarqsyan və Robert Koçaryanın da adları var./Oxu.Az
