Azərbaycan və Türkiyə münasibətləri "Bir millət, iki dövlət" prinsipinə əsaslanan, tarixi köklərə, ortaq dilə, mədəniyyətə və milli dəyərlərə söykənən sarsılmaz qardaşlıq və strateji müttəfiqlik modelidir. İki xalqın kökü, keçmişi və mənəvi dəyərləri eynidir. Bakının sevinci Ankara, Şuşanın qüruru isə bütün türk millətinin qüruru kimi qəbul olunur.
Bunu Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Ayşən Hüseynova deyib.
O, qeyd edib ki, iki qardaş dövlət regional və beynəlxalq platformalarda vahid mövqedən çıxış edirlər. Azərbaycan-Türkiyə qardaşlığı həm də türk dünyasının inteqrasiyasına, regionda sülhün, inkişafın, əməkdaşlığın bərqərar olmasına xidmət edən tarixi bir missiyadır: “Prezident İlham Əliyev vurğulayıb ki, bizim birliyimiz, qardaşlığımız sarsılmazdır: "Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaq, onların arzuları onların gözlərində qalacaq". Azərbaycan-Türkiyə qardaşlığı yalnız iki ölkənin deyil, bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Mustafa Kamal Atatürkün 80 il öncə söylədiyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bu mövqe ötən 80 ildə dəyişmədi və dəyişməyəcək. Biz birlikdə güclüyük və bu qardaşlığımızı poza biləcək heç bir güc, qüvvə yoxdur . Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.