"Mossad" İrandakı agentlərini belə qoruyur: 21 min nəfər niyə saxlanılmışdı?


İsrailin xarici kəşfiyyat xidməti “Mossad”a əvvəllər rəhbərlik etmiş David Barnea İranda agentlərin fəaliyyətini əks etdirən görüntülərin yayımlanmasının məntiqini açıqlayıb. O, Priority Summit konfransında çıxış edərkən bu addımı 2025-ci ildə keçirilən “Şir kimi xalq” əməliyyatının başlanması ilə əlaqələndirib.

Turkustan.az xəbər verir ki, Barneanın sözlərinə görə, “Mossad”ın simvollarının əks olunduğu video əməliyyatın ilk günü səhər saatlarında qəsdən yayımlanıb. Məqsəd İranda fəaliyyət göstərən agentləri qorumaq olub. Bunun üçün İran hakimiyyətinin real kəşfiyyatçıları təsadüfi insanlardan ayıra bilməyəcəyi kütləvi həbslər dalğasının yaranması nəzərdə tutulub.

Barnea hesab edir ki, bu plan özünü doğruldub. Münaqişənin ikinci günü İranın təhlükəsizlik qüvvələri 21 min nəfəri saxlayıb. Onun sözlərinə görə, saxlanılanlar arasında bir və ya iki agent olsa belə, sonda onları azad etmək məcburiyyətində qalıblar. Çünki insanların izahatları bir-birinə bənzəyib. Saxlanılanlar küçədə getdiklərini və ya avtomobillə hərəkət etdiklərini, daha sonra isə həbs olunduqlarını bildiriblər. Nəticədə, Barneanın iddiasına görə, onların hamısı azad edilib.

“Mossad”ın keçmiş rəhbəri həmçinin bildirib ki, İranda İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılan və ya edam edilən bəzi şəxslər İsrail kəşfiyyatına ümumiyyətlə məlum olmayıb. O, heç vaxt ifşa edilməmiş “Mossad” agentlərinin payını 99,9 faiz olaraq qiymətləndirib.

Barneanın sözlərinə görə, kəşfiyyat tərəfindən cəlb edilmiş şəxslər hazırlanan əməliyyatdan xəbərdar olublar və hazırda da Tehranda yaşamağa davam edirlər. O, hər bir agentin namizədliyini şəxsən təsdiqlədiyini bildirib, çünki həmin şəxslərə etibar etməli idi.

Barnea eyni konfransda “Hizbullah”a qarşı peycer əməliyyatından da danışıb. Əməliyyatdan əvvəl insan bədənini təqlid edən manekenlər üzərində yüzlərlə sınaq keçirilib. Barnea bildirib ki, nəticələri hər dəfə nəzərdən keçirdikdən sonra partlayıcı maddənin miqdarının azaldılmasını tələb edib və bu zaman müəyyən etdiyi “qırmızı xətləri” əsas gətirib.

İsrail ilə İran arasında 12 gün davam edən silahlı qarşıdurma 2025-ci il iyunun 12-də başlayıb. İsrail İranın nüvə obyektlərinə zərbələr endirib. Tehran isə İsrail şəhərlərinə raket hücumları və pilotsuz uçuş aparatlarından istifadə etməklə cavab verib.

“Hizbullah”a qarşı peycer hücumu 2024-cü ilin payızında həyata keçirilib. “Mossad” agentləri tərəfindən partlayıcı maddələrlə təchiz edilmiş peycerlər və digər elektron cihazlar “Hizbullah” üzvlərinin üzərində eyni vaxtda partladılıb. Nəticədə 40-dan çox insan həlak olub, təxminən 4 min nəfər isə yaralanıb./modern.az


MANŞET XƏBƏRLƏRİ