Kiçik uşaqlarda yaddaşın daha yaxşı işləməsinə baxmayaraq, insanların çoxu həyatlarının ilk illərini demək olar ki, xatırlamır. Alimlər hesab edirlər ki, bunun səbəbi xatirələrin tamamilə yox olması deyil, illər keçdikcə onlara çıxışın çətinləşməsidir. Başqa sözlə, məlumat beyində saxlanıla bilər, lakin zaman keçdikcə insan sanki həmin xatirələrə aparan “açarı” itirir.
Turkustan.az xəbər verir ki, bu mövzu “Popular Science” nəşrinin “Ask Us Anything” (“Bizdən istədiyinizi soruşun”) adlı podkastında müzakirə olunub.
Elmdə bu hadisə “uşaq amneziyası” (childhood amnesia) kimi tanınır. Adətən insanlar üç yaşına qədər olan dövrdən demək olar ki, heç nə xatırlamır, altı yaşa qədər baş verən hadisələrlə bağlı xatirələr isə parçalı, bulanıq və olduqca qeyri-sabit olur.
Alimlər vurğulayırlar ki, körpələr çox erkən yaşlardan etibarən xatirələr formalaşdırmağa qadirdirlər. Onların beyni yaşantıları, emosiyaları və hadisələri qeydə alır, lakin problem sonradan yaranır: böyüklərin beyni bu erkən “qeydləri” yenidən açmağa qadir olmur.
Mütəxəssislər bunu kompüterlə müqayisə edirlər: sanki fayllar saxlanılıb, amma format dəyişib və ya giriş şifrəsi itib. Nəticədə xatirələr mövcud olsa da, onları şüurlu şəkildə geri çağırmaq demək olar ki, mümkünsüz olur.
Uşaqlarda yaddaş xüsusiyyətlərini öyrənmək üçün Sara Pauer, Maks Plank İnsan İnkişafı İnstitutu nəzdində xüsusi oyun laboratoriyası yaradıb. Burada alimlər oyuncaqları gizlədir, daha sonra isə uşaqların müəyyən müddət keçdikdən sonra həmin yeri xatırlayıb-xatırlamadığını müşahidə edirdilər.
Eksperimentdə 1.5-2 yaşa qədər olan uşaqlar iştirak edib. Əvvəlcə uşağa oyuncağın harada gizlədildiyi göstərilib, daha sonra isə o, bir müddət keçəndən sonra yenidən həmin otağa gətirilib. Nəticələr göstərib ki, uşaqlar bu cür hadisələri həqiqətən yadda saxlaya və müəyyən müddət ərzində informasiyanı xatırlaya bilirlər.
Bununla yanaşı, alimlər qeyd edirlər ki, böyüklərin iki yaş dövrünə aid hesab etdikləri bir çox “xatirələr” əslində real olmaya bilər. İnsan çox vaxt bu xatirələri şəkillər, valideynlərin danışdıqları və ya ailə videoları əsasında yenidən qurur və zamanla başqalarının hekayələrini öz şəxsi təcrübəsi kimi qəbul etməyə başlayır.
Başqa bir araşdırma çərçivəsində üç yaşlı uşaqlardan valideynlərinə həyatlarında baş vermiş konkret hadisələr barədə danışmaları istənilib. Bir neçə ildən sonra tədqiqatçılar həmin xatirələrin nə dərəcədə qorunduğunu yenidən yoxlayıblar.
Məlum olub ki, beş-yeddi yaş aralığında uşaqlar təsvir etdikləri hadisələrin təxminən 60 faizini hələ də xatırlayırdılar. Lakin səkkiz-doqquz yaşa çatdıqda bu göstərici təxminən 40 faizə enirdi.
Bu isə onu göstərir ki, erkən dövr xatirələri qəfil yox olmur, əksinə, zamanla tədricən zəifləyir və bütövlüyünü itirir. Maraqlıdır ki, valideynlərin uşaqlarla baş verən hadisələri aktiv şəkildə müzakirə etdiyi, suallar verdiyi və hadisəni aydın bir hekayə şəklində qurmağa kömək etdiyi hallarda uşaqlar daha çox xatirə saxlayırdı.
Alimlər həmçinin beynin inkişafında iştirak edən xüsusi hüceyrələr (mikroqliya) üzərində ayrıca dayanırlar. Bu hüceyrələr bir növ “təmizlik işi” görərək neyronlar arasındakı artıq əlaqələri aradan qaldırır və beynin daha effektiv sinir şəbəkələri formalaşdırmasına kömək edir.
Son tədqiqatlar göstərib ki, məhz mikroqliya erkən xatirələrin silinməsi mexanizmi ilə əlaqəli ola bilər. Siçanlar üzərində aparılan təcrübələrdə alimlər bu hüceyrələrin fəaliyyətini süni şəkildə azaltdıqda, heyvanların erkən hadisələrlə bağlı yaddaşı daha uzun müddət qorunub saxlanılıb.
Tədqiqatçıların fikrincə, uşağın beyni həyatın ilk illərində o qədər sürətlə inkişaf edir ki, neyron əlaqələrini davamlı şəkildə yenidən qurur. Bu proses zamanı erkən xatirələrlə bağlı bəzi sinir yolları ya məhv olur, ya da o qədər ciddi dəyişir ki, sonradan onlara çıxış mümkün olmur.
Bununla yanaşı, alimlər hesab edirlər ki, belə unutqanlıq insan inkişafı üçün mühüm rol oynayır. Bu proses beyinə erkən dövrün qarışıq və nizamsız informasiyasından “təmizlənməyə”, gələcəkdə isə daha sabit və sistemli yaddaş formalaşdırmaq üçün yer açmağa kömək edir.
Beləliklə, insan körpəlik dövrünü ona görə xatırlamır ki, həmin vaxt heç nə baş verməyib. Əksinə, beyin məhz bu dövrdə o qədər intensiv inkişaf və yenidənqurma prosesi keçirirdi ki, həmin xatirələri böyüklükdə şüurlu şəkildə əlçatan olacaq formada saxlaya bilməyib./lent.az