Trampın içdiyi dərmanlar - Şəxsi həkimi açıqladı


ABŞ prezidenti Donald Trampın şəxsi həkimi dövlət başçısının “əla sağlamlıq vəziyyətində” olduğunu və ali baş komandan vəzifələrini tam yerinə yetirə bildiyini açıqlayıb.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı yekun rəy Ağ Ev tərəfindən Trampın Milli Hərbi Tibb Mərkəzində keçdiyi növbəti tibbi müayinədən sonra dərc olunub.

Bu, son 13 ay ərzində prezidentin keçdiyi üçüncü əyani tibbi müayinə olub. Yayımlanan memoranduma əsasən, Tramp ürək-damar sistemi, ağciyərlər, görmə qabiliyyəti və digər orqan sistemlərini əhatə edən geniş tibbi yoxlamadan keçib.

Prezidentin həkimi Şon Barbabellanın sözlərinə görə, müayinələrin nəticələri ümumilikdə normal olub. Qeyd edilib ki, Trampda aşağı ətraflarda yüngül şişkinlik və əl nahiyəsində göyərmələr müşahidə olunub. Həkim bunu tez-tez əl sıxması və ürək-damar xəstəliklərinin profilaktikası məqsədilə aspirin qəbul etməsi ilə əlaqələndirib.

Hesabatda bildirilib ki, çəkisi 108 kiloqram olan prezidentin istirahət vəziyyətində ürək döyüntüsü dəqiqədə 73 zərbə təşkil edir.

Tramp nevroloji müayinədən və koqnitiv testlərdən də keçib. Həkimin sözlərinə görə, prezident mümkün 30 baldan 30 bal toplayaraq normal göstəricilər nümayiş etdirib.

Barbabella bildirib ki, Tramp xolesterinin nəzarətdə saxlanılması və ürək-damar xəstəliklərinin profilaktikası üçün dərman preparatları qəbul edir. Prezidentin profilaktik müayinələr və vaksinasiya qrafikinə uyğun hərəkət etdiyi də vurğulanıb.

Həkim dövlət başçısına pəhrizə riayət etməyi, fiziki aktivliyi artırmağı, çəki azaltmağa davam etdirməyi və aşağı dozalı aspirin içməyi tövsiyə edib.

Son illər Trampın sağlamlıq durumu ictimaiyyətin diqqət mərkəzində olub. Xüsusilə sağ əlində müşahidə olunan göyərmələr və bəzi ictimai tədbirlərdə yorğun görünməsi müzakirələr yaratmışdı. Ağ Ev əvvəllər də bu halları tez-tez əl sıxması və qan durulaşdırıcı preparatların qəbulu ilə izah edib.

Bundan əvvəl administrasiya Trampa ayaqlarda şişkinliyə səbəb olan və həyat üçün təhlükəli sayılmayan xroniki venoz çatışmazlıq diaqnozu qoyulduğunu açıqlamışdı.

İyun ayında 80 yaşı tamam olacaq Donald Tramp ABŞ tarixində prezident vəzifəsinə başlayan ən yaşlı şəxs hesab olunur. Tramp özü dəfələrlə fiziki və əqli vəziyyətinin əla olduğunu bildirib.

Son tibbi yoxlamadan sonra o, sosial şəbəkədə paylaşım edərək müayinənin “ideal keçdiyini” və heç bir problemin aşkarlanmadığını yazıb.

Prezidentin həkimi vurğulayıb ki, Tramp ürək-damar, tənəffüs və sinir sistemləri üzrə yaxşı göstəricilər nümayiş etdirməyə davam edir və ümumi fiziki sağlamlığını qoruyub saxlayır./modern.az


MANŞET XƏBƏRLƏRİ