Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda göyərtəsində 110 sərnişinin olduğu tur gəmisi batıb.
Turkustan.az İHA agentliyinə istinadən xəbər verir ki, hadisə Cənnət adası yaxınlığında baş verib.
Məlumata görə, gəmidə qəfil yaranan texniki nasazlığı aşkarlayan heyət üzvləri dərhal gəmini quruya - ən yaxın nöqtəyə doğru yönəldiblər.
Hadisədən dərhal sonra gəmidəki 110 sərnişin başqa bir tur gəmisi və ərazidəki digər qayıqların köməkliyi ilə təhlükəsiz şəkildə təxliyə olunub.
Hadisə barədə edilən çağırışdan sonra əraziyə Sahil Mühafizə qrupları cəlb ediliblər. Sərnişinlərin hamısı qısa müddətdə xilas edilib. Təxliyə prosesi başa çatdıqdan dərhal sonra gəmi tamamilə suya qərq olub.
Hadisə zamanı xəsarət alan olmayıb./oxu.az