ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin nəticələrinin müzakirəsi səngiməyib. Bu təbiidir. Dünyanın iki böyük gücü aralarındakı oyun qaydalarını müəyyələşdirməyə çalışır.
Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Trampla çinli həmkarı Si Szinpin arasında görüşlər və müzakirə ediləcək mövzular aylar öncə müəyyənləşdirilir və razılaşma üçün imkanlar öyrənilir. Misal üçün Trampın Çinə səfərindən əvvəl bəlliydi ki, Ağ Ev sahibi Tayvan məsələsində mövqeyini dəyişdirməyəcək, yəni ABŞ əvvəlkitək bu adanın Çinə güc yoluyla birləşdirilməsinin əleyhinədir. Bu o deməkdir ki, ABŞ-la Tayvan arasında hərbi əməkdaşlıq davam edəcək. Eyni ilə Si Szinpinin də Trampın “Pekin İran hakimiyyətinə təzyiq etsin” istəyini yerinə yetirməyəcəyi əvvəlcədən bəlli idi. Doğrudur, Pekin Vaşinqtonun “İran nüvə silahı əldə etməməlidir” və “Hörmüz boğazı açılmalıdır” tezisləriylə şifahi şəkildə razılaşıb, ancaq bu o demək deyil ki, Çin hakimiyyəti bunların yerinə yetirilməsi üçün Tehrana təzyiq edəcək. Əksinə, Pekin İrandakı rejimin ABŞ-ın təzyiqi qarşısında geri çəkilməsinin və zəifləməsinin qarşısını almağa çalışacaq. Bu o deməkdir ki, Pekin əvvəlkitək ABŞ-la bağlı kəşfiyyat məlumatlarını Tehranla bölüşəcək və imkan daxilində tərəfdaşına zəruri hərbi texnika göndərəcək”, - o bildirib.
Politoloq xatırladıb ki, İran və Tayvan mövzuları Pekinlə Vaşinqtonun qırmızı çizgiləridir:
“Vaşinqton Tayvan məsələsində Pekinin istəklərini, Çin hakimiyyəti isə Amerikanın İranla bağlı istəklərini yerinə yetirməyəcək. Halbuki Hörmüz boğazının bağlı qalması Çinin iqtisadi maraqlarına ziddir. Tehran Çin üçün nəzərdə tutulan neftlə dolu tankerlərin Hörmüz boğazından keçidinə şərait yaradıb. Donald Tramp isə ABŞ hərbi komandanlığına tapşırıq verib ki, həmin tankerlərin Hörmüz boğazından keçidinə əngəl yaratmasınlar. Çünki Hörmüz boğazından Çinə istiqamətlənən tankerlərə əngəl yaradılsaydı, bu, Trampın Pekinlə əldə etdiyi şifahi razılaşmaları heçə endirəcəkdi. Tramp isə hazırki şərtlər daxilində Si Szinpinlə münasibətləri yenidən gərginləşdirmək istəmir. Təsadüfi deyil ki, Tramp Çinlə dialoqda insan haqları mövzularını qaldırmır. Halbuki Trampın Çinə səfərindən bir neçə gün əvvəl ABŞ-da fəaliyyət göstərən uyğur təşkilatlar Ağ Ev sahibinə açıq məktub ünvanlamışdılar. Həmin təşkilatlar Donald Trampdan Si Szinpinlə görüşdə Çində uyğurlara tətbiq edilən məhdudiyyətlərin ortadan qaldırılması mövzusunun müzakirəsini xahiş etmişdilər. Tramp çinli həmkarıyla bu mövzunu müzakirə etmək istəməyib. Trampın uyğur məsələsini gündəmə gətirməməsi Ağ Ev sahibinin ümumiyyətlə insan haqları mövzusuna maraq göstərməməsiylə əlaqəlidir”./axar.az