Anar Eminov: “Akademik Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında elmi məktəb formalaşdırmış nadir şəxsiyyətdir”


Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda gözlərimiz önündə mənəvi kamilliyinin uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi, nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı canlanır. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

Açıklama yok.

Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verməklə yanaşı bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanıb. Doğulub boya-başa çatdığı mühitin onun taleyində həlledici rolu olub. Zərifə xanım 1923-cü il aprelin 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açıb. Atası Əziz Əliyev həm rektor, həm də nazir kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanıb. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir.

Açıklama yok.

Həmin dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq lazım idi. Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu.

Açıklama yok.

Görkəmli alim sonra fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini elm tarixində ilk dəfə məhz Zərifə xanım öyrənib, bu xəstəliklərin profilaktik tədbirlərini işləyib hazırlayıb.

Açıklama yok.

Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların da müəllifi olub. Onların arasında “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri”, “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” əsərləri xüsusi yer tutur. Alimin göz yaşı xəstəliklərinə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları: “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları”nı da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Açıklama yok.

Təsadüfi deyildi ki, Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o özündən sonra dəyərli məktəb qoymuşdu.

Görkəmli alim N.Puçkovskaya yazır ki, Zərifə Əliyevanın fəal təşkilatçısı olduğu qurultaylarının birində nümayəndələrdən birinin ayağının sındığını və onun müalicəsinə Zərifə xanımın necə can yandırdığını yaxşı xatırlayır: “O, hər gün xəstəxanaya gəlir, xəstənin halına qəlbən yanır, hətta lazım olan şeyləri öz evindən gətirirdi ki, müalicəyə xeyri dəysin. Zərifə xanım xəstəyə bir-iki gün deyil, bütün müalicə müddətində hər gün baş çəkdi”.

1979-cu ildə Oftolmoloqlar Cəmiyyətinin Moskvada keçirilmiş iclasında Zərifə xanımın möhtəşəm çıxışı haqqında həmin illərin mətbuatında çox yazılıb. Zərifə Əliyeva peşəkar bir natiq kimi həkimin mənəvi tərbiyəsi, dövrün ən müasir tibb etikası və mənəviyyatı ilə bağlı maraqlı məruzə ilə çıxış edib. Zərifə xanımın çıxışı o qədər yüksək səviyyədə qarşılanıb ki, çıxış etdikdən sonra Sovet oftolmologiyasının patriarxı sayılan, məşhur oftalmoloq M.M.Krasnov Zərif xanıma yaxınlaşaraq qarşısında baş əyib, onun əlini öpüb: “Mənim sadəcə sözüm yoxdur. Sizə heyranam!” deyib.

Açıklama yok.

Rusiyalı məşhur oftalmoloq, tibb elmləri doktoru, professor Z.M.Skripçenko Zərifə xanım Əliyeva haqqında xatirələrində onu “Qoruyucu Mələk” adlandırır: “Bir dəfə Zərifə xanımla birlikdə həmkarlarımızın evində qonaq idik. O, yüksək intellektli adamların əhatəsində öz cəlbedici sadəliyi və həyat eşqi ilə seçilirdi. Siz təsəvvür edirsinizmi, bir həkim fortepianoda musiqiyə xüsusi rənglər verərək populyar melodiyalar, ritmik rəqslər ifa edirdi. O, həm də peşəkar pianoçu idi. Onun saf məhəbbəti ömür-gün yoldaşına güc verirdi.”

Ümummilli lider Heydər Əliyevin xatirələrində qələmə aldığı, öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları insanı riqqətə gətirəcək qədər təsirlidir. Ümummilli Liderlə çiyin-çiyinə addımlayan, hər an qayğısına qalan, çətin günlərdə ona arxa-dayaq olan Zərifə xanım eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi.

Ulu Öndər Heydər Əliyev həmişə Zərifə xanımı kövrək duyğularla xatırlayardı. Bir dəfə müsahibələrinin birində demişdi ki: “Böyük Yaradan ona elə böyük ürək bəxş etmişdi, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi. Zərifə xanım bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim olaraq elə sağlığında əfsanəviləşməyi bacarmışdı və daşıdığı titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlmişdi. Zərifə xanım çox böyük alim idi. Mən hələ onunla həyat quranda o artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti bütün dünya tibb elminə məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə bir insan idi. Tayı-bərabəri olmayan ana idi. Ailəmizin bu günə gəlib çatması, ailəmizin ayaq üstə dayanması, övladlarımın düzgün tərbiyəsi və həyatımdakı əvəzsiz rolu üçün mən Zərifə xanımın müqəddəs ruhu qarşısında baş əyirəm. İllər keçsə də, onu bir dəqiqə belə unutmamışam və unutmaram da. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Zərifə xanım onlara həm ana, həm həyat müəllimi olub.”

Açıklama yok.

Dövlət başçımız İlham Əliyev isə həmişə Zərifə xanımın fədakarlığından, şəfqətli ürəyindən heyranlıqla danışır: Anam atamın yalnız ömür-gün yoldaşı deyildi, anam bütün işlərdə atama arxa-dayaq olardı. Anam hər qərarında atamı dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mehriban münasibət özü bizi tərbiyə edirdi. 1970-ci illərdə atam Azərbaycana birinci katib təyin olunmuşdu və ölkənin birinci şəxsinin həyat yoldaşı kimi anamın yüksək imtiyazları ola bilərdi. Amma anam o qədər sadə qadın idi ki, heç zaman büruzə vermirdi ki, o, Heydər Əliyevin – Birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olardı. Anam çox təvazökar idi. Onun yanına şəfa tapmaq üçün gələnin də, ayrı sosial qayğıları olan adamların da ümid yeri idi anam… Hətta heç tanımadığı adamlar belə ona müraciət edəndə anam onların hamısına kömək etmək, əl tutmaq üçün can atırdı. O, həmişə insanlığa kömək etmək, cəmiyyət üçün faydalı insan olmaq arzuları ilə yaşayırdı və əməlində də bunu həyata keçirirdi.

Anam çox hərtərəfli istedadlı qadın idi. Yalnız öz sahəsini yox, musiqi sahəsini də sevərdi. İstənilən melodiyanı notlara baxmadan xüsusi məharətlə pianoda ifa edərdi. Evimizin şənliyi idi. Teatrı çox sevərdi. Bizi demək olar ki, nümayiş olunan bütün tamaşalara aparardı. Mən çox xoşbəxt övladam ki, Zərifə xanım kimi anam olub. Əfsuslar olsun ki, o bu həyatdan tez köçdü… Yaşasaydı, Azərbaycan üçün daha böyükmiqyaslı işlər görəcəkdi…”

Həkimin əxlaqi tərbiyəsini hər şeydən üstün tutan görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunub. Bu əsərdə həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamları, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyi ön planda verilib.

Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın elmi fəaliyyətlərini və insani keyfiyyətlərini yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.

Mütəxəssislər haqlı olaraq Zərifə xanımın qazandığı elmi uğurları Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ hesab edirlər. Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını qoruyub-saxlayır. Böyük alimin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Anar Eminov

Mingəçevir Dövlət Universitetinin rektoru

28 aprel 2026-cı il


MANŞET XƏBƏRLƏRİ