Bu il müşahidə olunan yağıntılı və nisbətən soyuq hava şəraitinin kənd təsərrüfatı məhsullarına, xüsusilə meyvə və tərəvəz istehsalına təsir göstərə biləcəyi ilə bağlı ehtimallar gündəmə gəlib.
Mütəxəssislərin fikrincə, belə iqlim dəyişiklikləri məhsuldarlığın azalmasına və nəticədə bazarda müəyyən qıtlıq yaranmasına səbəb ola bilər ki, bu da qiymətlərdə artım riskini artırır.
Eyni zamanda, bəzi meyvə və tərəvəzlərin, o cümlədən alça və gilasın qiymətlərinin yüksək olması istehlakçılar arasında narazılıq doğurur. Bu vəziyyətin əsasən mövsümi amillər, təklif-tələb balansı və istehsal xərcləri ilə bağlı olduğu bildirilir.
Bununla yanaşı, bazarda mümkün süni qiymət artımları və ümumi qiymət formalaşması prosesinin nə dərəcədə nəzarət altında olduğu da ictimai maraq doğuran məsələlər sırasındadır. Turkustan.az mövzu ilə bağlı sualları iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladı.

Günay Hüseynova
Meyvə və tərəvəzin qiymətində müəyyən artım müşahidə olunsa da, bu, yalnız hava şəraiti ilə izah edilmir. Müəyyən kateqoriyalara aid məhsulların hər il Rusiya başda olmaqla digər ölkələrə ixracı, eləcə də regionlarda işçi çatışmazlığı da əsas amillər sırasındadır.
Bu il yağıntılı və soyuq hava şəraiti də mövcud səbəblərə əlavə olunub. Lakin yuxarıda qeyd edilən amillər əsas faktor kimi qalır.
Bundan əlavə, hazırda istehlakçı narazılığına səbəb olan bəzi məhsullar tamamilə istixana şəraitində yetişdirilən məhsullardır. Bu məhsulların qiyməti isə əsasən tələbə uyğun olaraq formalaşır və daha yüksək olur.
Bu sahədə sahibkarlar məhsulu itkiyə getmədən bazara çıxarır, satış şəbəkələri də zərərlə işləməməyə çalışır.
Qiymət tənzimlənməsinə gəldikdə isə, bu sahə əsasən azad sahibkarlıq prinsipləri ilə tənzimlənir və gündəlik zəruri ərzaq məhsulları kateqoriyasına aid deyil. Məsələn, un və ya kartof kimi əsas ərzaqlarda süni qiymət artımı olarsa, dövlət müdaxilə edərək idxal və ya ehtiyat anbarlar vasitəsilə bazarı tənzimləyə bilər.
Əsas problem isə nəzarətin kifayət qədər güclü olmamasıdır. Nəticədə bəzi məhsullarda qiymət formalaşması tam şəffaf olmur. Məsələn, məhsul yığımında çalışan işçilərin icbari sığortası, vergi öhdəlikləri və ya məhsulların laborator nəzarət prosedurları hər zaman tam şəkildə tətbiq olunmur.
Bu səbəbdən bəzi məhsul qruplarında qiymət tənzimlənməsi və nəzarət mexanizmləri yetərli səviyyədə deyil. Ümumilikdə isə bazar prinsipi ondan ibarətdir ki, tələb azaldıqda təklif də zamanla azalır.
Aytən Yaşar/ Turkustan.az