Anar Eminov: "Prezident İlham Əliyevin sülh siyasəti beynəlxalq miqyasda məsuliyyətli liderlik nümunəsi kimi qəbul olunur"


Bəşəriyyət tarixində dərin faciənin, eyni zamanda sarsılmaz iradənin simvoluna çevrilmiş Gernika adı bu gün artıq sülhün, barışığın, humanizmin və mənəvi dirçəlişin rəmzi kimi səslənir. Belə böyük tarixi, siyasi və mənəvi məna daşıyan “Gernika Sülh və Barışıq Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunması müasir beynəlxalq münasibətlər sistemində sülh ideallarına verilən yüksək dəyərin, ədalətli və uzaqgörən liderliyə göstərilən ali ehtiramın parlaq təzahürüdür.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib.

Rektor diqqətə çatdırıb ki, bu mötəbər mükafat yalnız dövlətimizin başçısının fəaliyyətinə verilmiş qiymət deyil. Bu, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi prinsipial, ardıcıl, qətiyyətli və strateji dövlət siyasətinin beynəlxalq miqyasda yüksək etirafıdır. Cənubi Qafqazda uzun illər davam etmiş qarşıdurmanın aradan qaldırılması, regionda yeni siyasi reallıqların formalaşdırılması, əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər mühitinin təşviqi məhz güclü siyasi iradənin, milli maraqlara söykənən diplomatik məharətin və tarixi məsuliyyət hissinin nəticəsidir.

Tarixin mürəkkəb sınaqlarından şərəflə çıxmış Azərbaycan xalqı sülhün qiymətini ən yaxşı bilən xalqlardandır. Müharibənin ağrılarını yaşamış, ərazi bütövlüyü uğrunda böyük mübarizə aparmış xalqımız bu gün qalib dövlət kimi regionda sabitliyin, təhlükəsizliyin və dayanıqlı inkişafın təşəbbüskarı qismində çıxış edir. Bu baxımdan, sözügedən mükafat yalnız Prezidentə təqdim olunan nüfuzlu beynəlxalq mükafat deyil, həm də Azərbaycan xalqının siyasi müdrikliyinə, milli birliyinə, qətiyyətinə və gələcəyə hesablanmış sarsılmaz iradəsinə verilən yüksək dəyərdir.

Anar Eminov xüsusilə qeyd edib ki, Prezident İlham Əliyevin sülh gündəliyinə sadiqliyi, dialoq və qarşılıqlı anlaşma prinsiplərini daim önə çəkməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirmiş, ölkəmizi etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi dünyaya təqdim etmişdir. Bu gün Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın sabitlik və əməkdaşlıq platformalarından birinə çevrilməkdədir.

Elm və təhsil ictimaiyyətinin nümayəndəsi kimi rektor hesab edir ki, bu əlamətdar hadisə təkcə diplomatik uğur deyil, həm də sağlam təfəkkürünün, milli strateji düşüncənin, humanist dəyərlərin və sülh mədəniyyətinin qələbəsidir.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin ehtiram hissi ilə səmimi təbrikini ifadə edən Anar Eminov xüsusilə diqqətə çatdırıb ki, onun rəhbərliyi ilə ölkəmizin sülh, tərəqqi, milli qüdrət və beynəlxalq nüfuz yolunda daha böyük zirvələr fəth edəcəyinə sarsılmaz inamımızı ifadə etməkdəyik.

Xatırlatmaq yerinə düşər ki, bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də ölkəmizin qlobal humanitar gündəliyə verdiyi töhfənin, sivilizasiyalararası dialoq və beynəlxalq həmrəylik prinsiplərinin təşviqinə yönəlmiş ardıcıl və məqsədyönlü dövlət siyasətinin yüksək səviyyədə beynəlxalq etirafı kimi çıxış edir. Bu iki mötəbər mükafat – “Zayed İnsan Qardaşlığı Mükafatı” və “Gernika Sülh və Barışıq Mükafatı” – mahiyyət etibarilə bir-birini tamamlayaraq Prezident İlham Əliyevin liderliyində Azərbaycanın sülh, humanizm, qarşılıqlı etimad və qlobal əməkdaşlıq dəyərlərinin təşviqində oynadığı strateji rolun beynəlxalq miqyasda ardıcıl şəkildə təsdiq olunduğunu nümayiş etdirir",- deyə Anar Eminov fikirlərini yekunlaşdırıb.


MANŞET XƏBƏRLƏRİ