Pezeşkian: İran təzyiq və mühasirə altında danışıqlara girməyəcək


İran prezidenti Məsud Pezeşkian ABŞ-ın regionda təzyiq siyasətini və hərbi mövcudluğunu davam etdirəcəyi halda Tehranın məcburi danışıqlarda iştirak etməyəcəyini bəyan edib.

Turkustan.az xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Pezeşkian bu fikirləri Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı zamanı səsləndirib.

O bildirib ki, ABŞ-ın İrana qarşı son dövrlərdə artırdığı dəniz və ərazi məhdudiyyətləri etimadın formalaşmasına və diplomatik prosesə ciddi maneə yaradır. Prezident vurğulayıb: “Problemlərin həlli üçün uyğun zəmin yaradılacaqsa, ilk növbədə blokada daxil olmaqla bütün əməliyyat maneələri aradan qaldırılmalıdır. İran təzyiq, təhdid və blokada altında danışıqlara getməyəcək”.

Pezeşkian əlavə edib ki, danışıqlar yalnız qarşılıqlı hörmət və etimad əsasında irəliləyə bilər. Onun sözlərinə görə, təzyiq və təhdid siyasəti davam etdiyi müddətdə dialoqdan nəticə gözləmək mümkün deyil.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ