Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsinin satışından əldə edilən gəlirin böyük hissəsi dövlətə qaytarılacaq.
Oxşar hallar Azərbaycanda da müşahidə olunub. Belə ki, müxtəlif səbəblərdən vəzifədən uzaqlaşdırılan məmurlar dövlətə vurduqları zərəri müəyyən formada ödəyiblər. Məsələn, “Milli Təhlükəsizlik Nazirliyi (MTN) işi”, “Rabitə işi” üzrə həbs edilən yüksək vəzifəli şəxslər, o cümlədən icra başçıları ilə bağlı istintaqlardan sonra məhkəmə qərarına əsasən həm maliyyə kompensasiyaları, həm də əmlak müsadirəsi halları baş verib.
Bundan başqa, son günlərdə güclü yağışların ardınca yaşanan subasma hadisələrində bəzi məmurların qanunsuz əməlləri olduğu iddia edilir. Qeyd olunur ki, nəticədə paytaxta, eləcə də ətraf qəsəbələrə küllü miqdarda ziyan dəyib.
Həmin məmurların da əmlakları dövlətin nəfinə keçə bilərmi?
Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, əgər həmin məmurlara qarşı cinayət işi açılarsa, təqsirli bilinər və əmlaklarının müsadirəsi barədə qərar verilərsə, bu əmlaklar dövlətə qaytarılmalıdır:
“Lakin burada başqa bir məqam da diqqət çəkir. İndiyədək dövlət büdcəsinin icrası ilə bağlı açıqlanan hesabatlarda müsadirə olunmuş əmlaklardan daxilolmalar ayrıca və açıq şəkildə göstərilmir. Halbuki cərimələr üzrə toplanan vəsaitlər barədə konkret rəqəmlər açıqlanır, hətta bu istiqamətdə plan göstəriciləri də müəyyən edilir”.

Əkrəm Həsənov
Hüquqşünas bildirib ki, cinayətkarların, xüsusilə dövlət məmurlarının müsadirə olunmuş əmlaklarının büdcəyə nə dərəcədə daxil olması ilə bağlı məlumatların açıqlanmaması müəyyən suallar doğurur:
“Bu da cəmiyyətdə belə bir şübhə yaradır ki, həmin əmlakların son nəticədə tam şəkildə dövlət nəfinə keçib-keçmədiyi kifayət qədər şəffaf şəkildə təqdim olunmur. Bütün hallarda dövlətə küllü ziyan vuran, mənimsəmə faktı qeydə alınan şəxslər əldə etdikləri gəlirin böyük hissəsini dövlətə geri qaytarmalıdır”.