Macarıstanın Baş naziri Viktor Orban Polşanın Baş naziri Donald Tusku müharibəni qızışdırmaqdan çəkinməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Tusk isə Avropa Birliyinin (AB) Ukraynaya kredit ayırmasının qarşısını almağın Rusiyanın strateji planlarına uyğun olduğunu bildirib.
Orban NATO-nun parçalanma riski ilə bağlı tənqidlərə ABŞ-da yerləşən X sosial media platformasındakı hesabı vasitəsilə cavab verib. O, Avropanın tarixinin ən ağır iqtisadi dövrlərindən birinə daxil olduğunu və qitənin ciddi enerji böhranı ilə üzləşdiyini vurğulayıb.
Avropanın ciddi təhlükə ilə üz-üzə olduğunu qeyd edən Orban bildirib:
“Yeganə çıxış yolu Rusiya enerjisinə qarşı sanksiyaların dərhal ləğv edilməsidir. Biz Putini deyil, öz ölkəmizi və xalqımızı düşünməliyik. Müharibəni qızışdırmaq əvəzinə, ölkəni sev və xilas et, Donald.”
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp Britaniyanın “The Telegraph” qəzetinə verdiyi müsahibədə ABŞ-ın NATO-dan çıxmasının gündəmdə olmadığını bildirib. O əlavə edib ki, NATO-nu uzun müddətdir zəif hesab edir və bu vəziyyətin Rusiya tərəfindən də məlum olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az