Rumıniya Müdafiə Nazirliyi İsraildə yerləşən Elbit Systems şirkəti ilə pilotsuz uçuş aparatlarının (PUA) təchizatı üzrə müqaviləni ləğv etməyi nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, müdafiə naziri Radu Miruta jurnalistlərə açıqlamasında bildirib ki, təxminən 427,2 milyon dollar dəyərində olan müqavilə çatdırılma gecikmələri səbəbindən ləğv edilə bilər.
2022-ci ildə imzalanmış müqaviləyə əsasən, tədarüklərə 2025-ci ildə başlanması planlaşdırılırdı. Lakin Elbit Systems fors-major halları əsas gətirərək üç dəfə təxirə salınma tələb edib.
Məlumata görə, Rumıniya tərəfi ilk iki təxirəsalmanı qəbul etsə də, gecikmələrə görə şirkətə qarşı təxminən 60 milyon avro məbləğində cərimə tətbiq olunub.
Nazir Miruta vurğulayıb ki, gecikmələr yalnız qrafikə deyil, həm də texnoloji etibarlılığa təsir göstərir. Onun sözlərinə görə, bəzi sistemlər gec təhvil verilərsə, artıq köhnəlmiş hesab oluna bilər. Bu səbəbdən müqavilənin ləğvi ehtimalı hazırda qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az