Azərbaycanda daşınmaz əmlakın sahibi olmaq yalnız ev tikmək və ya almaqla bitmir. Əmlak Məsələləri Dövlət Xidmətindən verilən rəsmi açıqlamaya görə, torpaq sahəsinin təyinatını dəyişmək üçün müraciət prosesi artıq tam elektron qaydada həyata keçirilir. Vətəndaş İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalına – e-servises.economy.gov.az daxil olmaqla “digital login” vasitəsilə daxil olaraq müraciət formalaşdırmalı, onu ASAN imza ilə təsdiqləyərək göndərməlidir.
Müraciət etdikdən sonra şəxsi kabinet vasitəsilə prosesin gedişini izləmək, nəticə barədə bildiriş almaq, həmçinin tələb olunan əlavə sənəd və məlumatları təqdim etmək mümkündür. Təqdim olunan sənədlər müvafiq elektron informasiya sistemləri vasitəsilə yoxlanılır, daha sonra müraciət torpaq kateqoriyasının dəyişdirilməsi ilə bağlı rəy üçün aidiyyəti qurumlara göndərilir. Bu mərhələ təxminən 10 iş günü çəkir. Müsbət rəylər alındıqdan sonra 15 iş günü ərzində torpaq sahəsinin yerquruluşu planı hazırlanır və sənədlər baxılması üçün Nazirlər Kabinetinə təqdim olunur. Nazirlər Kabineti müsbət qərar verdiyi halda torpağın təyinatı qısa müddətdə dövlət kadastrında dəyişdirilir və nəticə barədə müraciət edən şəxsə elektron qaydada məlumat verilir. Buna baxmayaraq, praktika göstərir ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti “kupça” əldə etməkdə və torpaq təyinatını dəyişməkdə hələ də ciddi problemlərlə üzləşir. “Kupça” - yəni daşınmaz əmlakın rəsmi çıxarışı olmadan evinizi sata, hədiyyə edə və ya bankdan kredit götürə bilməzsiniz. Çoxsaylı köhnə sənədlər, qeyri-dəqiq torpaq kateqoriyaları və bəzən bürokratik maneələr vətəndaşların hüquqlarını kağız üzərində saxlayır, həyatlarını faktiki olaraq “görünməz” edir.
Məsələ təkcə fərdi problemlərlə bitmir. "Kupça"sız vətəndaş əmlakı iqtisadi baxımdan “ölü kapital” sayılır, sahibkarlıq genişlənmir, banklar girov kimi qəbul etmir, ölkənin iqtisadiyyatna milyardlarla manatlıq zərər dəyir. Ekspertlər bildirir ki, çıxarış almaq üçün torpaq sahəsinin kateqoriyası düzgün müəyyən edilməli, təqdim olunan sənədlər qanunvericiliyə uyğun olmalı və elektron reyestr sistemi tam işlək vəziyyətə gətirilməlidir. Vətəndaşlar, həmçinin, məcburi məhkəmə prosesi ilə vaxt itirməməli, hüquqlarını qorumaq üçün dövlət sistemindən şəffaf və operativ xidmət tələb edə bilərlər.
Qonşu Gürcüstanın təcrübəsi göstərir ki, vahid elektron reyestr və torpaq amnistiyası tətbiq edildikdə bu problem 3-5 il ərzində həll olunur. Azərbaycanda da vətəndaşların hüquqlarının tam təmin olunması və ,"kupça" problemindən azad olması üçün müasir texnologiya və şəffaf dövlət prosedurlarının tətbiqi vacibdir. Nəticə etibarilə torpaq təyinatının dəyişdirilməsi və kupça problemi yalnız sənəd məsələsi deyil, vətəndaşların hüquqi, iqtisadi və sosial hüquqlarının təminatı məsələsidir. Dövlətin prioriteti şəffaf və sürətli reyestr sisteminin yaradılması olmalıdır ki, hər bir insan öz mülkiyyətinə görə hüquqi təhlükəsizlik əldə etsin. /Musavat.com/