İranın mühüm logistik və nəqliyyat infrastrukturuna ağır zərbə vurulub.
Turkustan.az xəbər verir ki, aprelin 2-də ölkənin strateji nöqtələrindən biri hesab edilən, Kərəc şəhərində yerləşən məşhur "B-1" körpüsü hədəf alınaraq partladılıb.
Strateji arteriya kəsildi
"B-1" körpüsü təkcə mühəndislik möcüzəsi deyil, həm də İranın nəqliyyat sisteminin "onurğa sütunu" hesab olunur. Yaxın Şərqin ən hündür körpüsü statusunu daşıyan bu nəhəng tikili paytaxt Tehranı ölkənin qərb vilayətləri ilə birləşdirən əsas marşrutun üzərində yerləşir. Hadisə şahidlərinin verdiyi məlumata görə, güclü partlayış nəticəsində körpünün konstruksiyasına ciddi ziyan dəyib və hərəkət tamamilə iflic olub. Sosial şəbəkələrdə yayılan və zərbə anını əks etdirən kadrlar hücumun kifayət qədər dəqiq və planlı şəkildə həyata keçirildiyini göstərir.
Hücumun arxasında kim dayanır?
Hələlik İranın rəsmi dairələri hadisənin təxribat, yoxsa hava zərbəsi nəticəsində baş verdiyi barədə detallı açıqlama verməkdən yayınırlar. Lakin regionda gərginliyin pik həddə çatdığı bir vaxtda belə bir mühüm obyektin sıradan çıxarılması müxtəlif ehtimalları gündəmə gətirib. Hərbi ekspertlər hesab edirlər ki, bu hücum Tehranın logistik imkanlarını məhdudlaşdırmaq və qərb istiqamətində hərbi daşımaların qarşısını almaq məqsədi daşıya bilər.
Körpünün sıradan çıxması təkcə mülki nəqliyyat üçün deyil, həm də İran ordusunun mobil hərəkətliliyi üçün ciddi maneə yaradır. Tehranı ölkənin qərb sərhədlərinə bağlayan ən qısa yolun kəsilməsi regiondakı qüvvələr nisbətinə də təsir edə bilər. Hazırda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür, dağıntıların miqyası hesablanır. Hadisənin regional geosiyasi proseslərə təsiri yaxın saatlarda bəlli olacaq./Musavat.com


