Minotavr
Divar yaddaşını yıxsan rəsmlərin,
ovuc-ovuc üzün dönər xatirələrdən,
Minotavr.
Göz yaşı öküz, buynuzu adam,
Bu süfrə gözlərinin otlağında
Səhəri diri açır,
Taleyin qarnını yırtır minotavr.
Neon işıqlarında küçələrin ürəyi çəhrayı,
yarasa ümidlər qıpqırmızı görür gecələri...
Çaylar xatırlayır;
Ağaclar yerimədiyi üçün deyil,
yubandığı üçün yolundan küsür sənin.
Zamanın yuxusunda
suların üzünü ayaqlayır Minotavr güzgülər.
Bir faytonda işıq sürətidir arzuların addımları.
Bu kağız gecələrdə
bəyaz ayrılıqlar yaşayır.
Yağışlar sevir buludların uşaq boyunu...
Ovuclar köhnəlmiş bir otaqda,
şam işığı ürəyində Minotavr bəsləyir.
Saat əqrəbləri kül olur, yaddaşım payız vaxtı.
Qollarımın gözü sarımtıl pəncərələri görmür,
gecənin çiyninə ay işığını sərir.
Bir ağac boyuna çatmaz minotavrların ömrü,
Günahları adam rəngində diş çıxarır,
Ayaqları zəncirlərin kölgəsində.
Azadlığın qanadları ləpir salır göy üzünə.
Çiyinləri kotan, beyni elektron,
suroqat ana dəmir bətnində Minotavr daşıyır!
Bir kaman dərəsində
Otların başını kəsir küləklər
Salxım-salxım dağları,
Şəkil-şəkil şəhərləri
Dolanır,
Nəfəsini bir ağaca söykəyir Minotavr…
***
Başıma daş yağır, şeytanın Tanrısı.
Əsəb yağışıyam indi, bilirsənmi? Səhranın ürəyi solmayıb ki,
səhranı mərhəmətli sular boğub, öldürüb.
Günəş laldır.
Yağış var, göyün ürəyini yandırır.
Yağış var, pəncərələrə böhtan atır.
Yağış var, çiçəklərin ölümünü yaşadır.
Küləklər yarpaqların qanını içir.
Çiyinləri ölmüş divarlar kölgəsini sevir.
Taleyim qanad açan yollarda,
ayaqlarım intihardır mənə.
Bir yol kənarında dayandım,
üzümdə dərin çaylar saralır…
Bu gecənin dilini, dodağını qurudur elektrik lampası.
qaranlığı sürüməkdən başını itirir ay işığı.
Ayrılığa kor divarların üzündən baxmaq istəyirəm.
Bir axşam pəncərəsi olmaq istəyirəm.
Hirsimin şəkilidir sınıb-tökülən arzular;
Bu sınıq rəsmlərim, bu məbud sözlərim şeytan gülüylə dil tapa bilmir.
Xəyanətkar pərdələrdən baxmaq istəyirəm
yərə dağılmış ayrılıqlara.
Ürəyini sulara atır balıqların xatirəsi.
Kölgəsinə aldanmış günəşi yığmaq istəyirəm
buludların üzündən.
Biləndə ki, bir sər baxışa can yandırmaq mərhəmət yox, fahişəlikdir,
Barmaqlarımdan hirs yağır...
Demə, sahiblənmək əllərini həbs etməkdir.
Ovuclarımız hər yerdə bir məhkumdur axı.
Kor günlərdən yaşayıb öyrəndim ki,
ağaclar havanın başını kəsdiyi üçün böyüyür,
buludlar dumanı öldürdüyü üçün yaşayır…