5 May – Xalçaçı Günü münasibətilə Xaçmaz Xalça Muzeyində “Sehrli ilmələrin cazibəsində” adlı tədbir keçirildi
Azərbaycanın zəngin mədəni irsində xüsusi yer tutan xalçaçılıq sənəti əsrlər boyu xalqın estetik dünyagörüşünü, həyat tərzini və milli kimliyini əks etdirib.
Hər il 5 may tarixində qeyd olunan Xalçaçı Günü bu qədim sənətin yaşadılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu münasibətlə təkcə paytaxtda deyil, ölkənin müxtəlif rayonlarında da silsilə tədbirlər təşkil olunur.
Belə tədbirlərdən biri də Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin filialı olan Xalça Muzeyində təşkil olundu. Tədbirdə xalçaçılıq sənətinin yerli xüsusiyyətləri və ənənələri haqqında geniş məlumat verildi. Tədbiri giriş sözü ilə Xalça Muzeyinin bələdçisi Dilarə Rüstəmova açaraq xalçaçılıq sənətinin bölgələr üzrə inkişafından, yerli ustaların fəaliyyətindən və gənc nəslin bu sənətə marağından danışdı. O, Quba, Şəki, Qarabağ və Şirvan kimi xalçaçılıq məktəbləri ilə məşhur bölgələrdə toxunan qədim sənət nümunələrinin dünyanın müxtəlif muzeylərində saxlanıldığını vurğuladı.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Xaçmaz RİH başçısının ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tariyel Didarov və digər qonaqlar çıxışlarında xalçanın bizim üçün təkcə məişət əşyası deyil, həm də böyük mənəvi dəyər daşıdığını qeyd etdilər.
Tədbir çərçivəsində Xalça Muzeyində Quba-Şirvan xalça nümunələrinin nümayişi təşkil edildi. Burada həm qədim, həm də müasir xalçalar sərgilənərək onların naxışları və rəng harmoniyası haqqında məlumat verildi. Bu sərgilər qonaqlara xalçaçılıq sənətinin incəliklərini yaxından görmək imkanı yaratdı.
Tədbirin rəsmi hissəsindən sonra məktəblilərin ifaları, milli musiqi və rəqs çıxışları, eləcə də ədəbi-bədii kompozisiyalar tədbirə xüsusi rəng qatdı.
Bu isə xalçaçılığın yalnız sənət deyil, həm də milli mədəniyyətin ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirdi.
Nəticə etibarilə, keçirilən tədbir milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bu cür tədbirlər xalçaçılıq sənətinin yaşamasına, inkişaf etməsinə və daha geniş miqyasda tanıdılmasına xidmət edir.
P.S. Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını və dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə min illərdir xalça toxunsa da, xalçaçıların uzun illər öz peşə bayramları olmayıb. 2016-cı ildə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün – mayın 5-i “Xalçaçı Günü” kimi təsis olunub.
Gülxar RƏHİMLİ,
AJB-nin üzvi.





