Azərbaycanda pensiya yaşı ilə bağlı mövzu vətəndaşlar arasında daim aktual olaraq qalır. Xüsusilə, uzun illər işləyən və müəyyən kapital toplayan şəxslər üçün “erkən pensiya” məsələsi tez-tez gündəmə gəlir.
Bəs 25 il iş stajı olan və kifayət qədər vəsait yığan vətəndaşlar daha tez pensiyaya çıxa bilərmi?
Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, mövcud qanunvericiliyə əsasən bu, mümkün deyil.
“Vətəndaşın 25 il və ya daha artıq iş stajının olması, eləcə də müəyyən kapital toplaması onun daha tez pensiyaya çıxmasına hüquqi əsas yaratmır. Qanunvericilik göstərir ki, vətəndaş pensiyaya yalnız müəyyən olunan yaş həddinə çatdıqdan sonra çıxa bilər. 65 yaşı tamam olmadan pensiya hüququ yaranmır. Əgər belə bir hüquq yaransaydı, bu halda pensiya avtomatik şəkildə təyin edilərdi”.
Beləliklə, hazırkı qaydalara görə, iş stajından və ya yığılan vəsaitin həcmindən asılı olmayaraq, vətəndaşların erkən pensiyaya çıxması mümkün deyil və əsas şərt kimi yaş meyarı qalır.