Pedro Sançez İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Donanmaya hücumundan sonra sərt açıqlama verərək İsrail ilə tərəfdaşlıq müqaviləsinin dərhal dayandırılmasını tələb edib.
Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən X platformasında yayılan açıqlamada Sançes bildirib ki, İsrail beynəlxalq sularda mülki donanmaya hücum etməklə beynəlxalq hüququ pozub. O, İspaniya hökumətinin saxlanılan vətəndaşlarını qorumaq üçün bütün mümkün addımları atdığını, lakin bunun kifayət etmədiyini qeyd edib.
Baş nazir həmçinin vurğulayıb ki, Avropa İttifaqı İsrail ilə tərəfdaşlıq müqaviləsini dərhal dayandırmalı və İsrail hökumətindən beynəlxalq dəniz hüququna riayət etməyi tələb etməlidir.
Hadisədən sonra İspaniya Xarici İşlər Nazirliyi Madriddəki İsrail səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq donanmanın saxlanılmasını “ən sərt şəkildə” pisləyib və rəsmi etirazını bildirib.
Aytən Yaşar/ Turkustan.az