Əsas və əlavə iş yeri anlayışları ortadan qalxır: Saat hesabı iş məcburi olacaq?


Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əməkhaqqı ilə bağlı Qanun layihələrinin hazırlanması ilə bağlı işlərin aparıldığını bildirib. Saat hesabı iş məcburi, yoxsa könüllü olacaq?

Bu model qəbul olunarsa, “əsas iş yeri” və “əlavə iş yeri” anlayışlarında dəyişiklik ola bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, tanınmış hüquqşünas Roman Qaraşov bildirib ki, saatlıq əməkhaqqı sisteminin tətbiqi əmək bazarını daha çevik və müasir edə bilər:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq əməkhaqqı ilə bağlı qanun layihələrinin hazırlanması əmək münasibətlərinin modernləşdirilməsi istiqamətində mühüm institusional addım kimi qiymətləndirilə bilər.

Hüquqi baxımdan bu modelin imperativ (məcburi) deyil, dispozitiv (könüllü) əsaslarla tətbiqi daha məqsədəuyğun görünür. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin razılaşma azadlığını müəyyən hədlər daxilində tanıyır və bu prinsip saatlıq əməkhaqqı sisteminin tətbiqinə də şamil edilə bilər.

Belə halda işçi və işəgötürən qarşılıqlı razılıq əsasında əməkhaqqının hesablanma üsulunu seçə bilər, dövlət isə minimum əməkhaqqı, iş vaxtının yuxarı həddi və sosial sığorta təminatları kimi müdafiə mexanizmlərini qoruyub saxlayar.

Bu yanaşma həm əmək bazarında elastikliyi artırar, həm də qeyri-standart məşğulluq formalarının (məsələn, yarımştat və çevik qrafik) hüquqi çərçivədə tənzimlənməsinə imkan verər”.

Onun sözlərinə görə, saatlıq əməkhaqqı modelinin tətbiqi “əsas iş yeri” və “əlavə iş yeri” anlayışlarının hüquqi məzmununa da təsir göstərə bilər:

“Mövcud normalara görə, işçi əsas iş yerindən əlavə əvəzçilik qaydasında digər iş yerlərində işləyə bilər və bu fəaliyyət müəyyən vaxt məhdudiyyətləri ilə tənzimlənir.

Lakin saat əsaslı sistem geniş tətbiq olunarsa, işçinin eyni vaxtda bir neçə iş yerində çevik şəkildə fəaliyyət göstərməsi daha geniş yayılacaq və bu da “əsas iş yeri” anlayışının yalnız iş vaxtının həcmi ilə deyil, sosial sığorta öhdəlikləri və əsas müqavilə prioriteti kimi meyarlarla yenidən müəyyənləşdirilməsini zəruri edə bilər”.

Hüquqşünas qeyd edib ki,eyni zamanda, belə model əmək müqavilələrinin strukturuna təsir edərək iş vaxtının saatlarla konkretləşdirilməsi və əməkhaqqının həmin saatlara proporsional hesablanmasını daha geniş tətbiq olunan praktikaya çevirə bilər:

“Bununla belə, bütün əmək müqavilələrinin məcburi şəkildə yalnız saat hesabı ilə bağlanması hüquqi baxımdan tələb olunmaya bilər. Qanunvericilik paralel olaraq aylıq və digər ödəniş formalarının mövcudluğunu saxlayaraq balanslı və çevik tənzimləmə modelini təmin etməlidir”.


MANŞET XƏBƏRLƏRİ