Yaz fəslinin gəlişi ilə təbiətin bizə bəxş etdiyi təzə tərəvəzlər orqanizmin bərpası üçün mühüm rol oynayır.
Turkustan.az xəbər verir ki, kardioloqlar xüsusilə yaz aylarında yetişən yaşıl yarpaqlı tərəvəzlərin, başda ispanaq və qulançar (mərəçüyüd) olmaqla, ürək sağlamlığı üçün "möcüzəvi" təsirə malik olduğunu bildirirlər. Bu tərəvəzlərin tərkibindəki zəngin fol turşusu və K vitamini damarların elastikliyini artırır, qan təzyiqini tənzimləməyə kömək edir. Xüsusilə ispanağın tərkibindəki nitratlar damarların genişlənməsinə şərait yaradaraq infarkt riskini minimuma endirir.
Bundan əlavə, yaz menyusuna əlavə edilən təzə qırmızı turp və yaşıl soğan da ürək əzələsinin işini yaxşılaşdıran kaliumla zəngindir.
Mütəxəssislər vurğulayırlar ki, mövsümi tərəvəzlərin çiy və ya az bişmiş halda istehlak edilməsi onlardakı faydalı maddələrin qorunub saxlanılması üçün vacibdir.
Yaz aylarında bu tərəvəzlərdən müntəzəm istifadə etmək qanda xolesterin səviyyəsini aşağı salmaqla yanaşı, qan dövranını sürətləndirir. Sağlam qidalanma və aktiv hərəkətlilik yaz aylarında ürəyinizi gənc saxlamağın ən qısa yoludur. /Musavat.com/