Ermənistanın baş naziri Nikol Paşinyanın 14 iyulda Brüsselə etdiyi qəfil səfərin arxasında Avropa İttifaqının ABŞ-ın vasitəçiliyi ilə Abu-Dabidə baş tutan Azərbaycan-Ermənistan danışıqlarının detalları ilə maraqlanması dayanır.
Turkustan.az xəbər verir ki, bu barədə erməni mediası — “Qraparak” qəzeti hökumətə yaxın mənbələrə istinadla yazır. Məlumata görə, Brüssel rəsmiləri Paşinyanı açıq şəkildə izahat verməyə dəvət ediblər: Nə üçün Vaşinqtonun vasitəçiliyi qısa müddətdə nəticə verdi, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə olundu, halbuki Aİ-nin illərlə apardığı cəhdlər nəticə verməmişdi?
Qəzet yazır ki, səfər o qədər qəfil baş tutub ki, hətta Ermənistan hakimiyyətindəki “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərinin əksəriyyəti bu səfər barədə məlumatlı olmayıb. Paşinyan Brüsseldə Avropa Şurasının prezidenti Antoniu Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparıb.
Mənbələr iddia edir ki, görüşlərdə Paşinyan Aİ-yə Rusiyanın regiondan sıxışdırılıb çıxarılması proqramını sona qədər icra edəcəyinə dair öhdəlik verib. Bunu sübut edən məqamlardan biri də rəsmi açıqlamalarda Ermənistanla “xarici dezinformasiya və müdaxilələrə qarşı birgə mübarizə”, habelə sanksiyaların pozulmasının qarşısının alınması istiqamətində Paşinyana göstərilən təşəkkürdür.
Danışıqların sonunda Avropa İttifaqı Ermənistanı “Global Gateway” proqramı çərçivəsində 2,5 milyard avro ilə dəstəkləyəcəyini bildirib./musavat.com