Rusiyada azərbaycanlılara və digər miqrantlara qarşı yeni təzyiq aləti gündəmə gəlib. Belə ki, Rusiya Dövlət Dumasındakı "Yeni İnsanlar" fraksiyasının nümayəndələri ölkənin Mərkəzi Bankına rəsmi müraciət edərək, miqrantların rəsmi maaşdan artıq məbləğdə pul vəsaiti xaricə göndərməsini qadağan etməyi təklif ediblər.
Təklifə əsasən, əgər xarici vətəndaş – xüsusilə də MDB ölkələrindən, o cümlədən Azərbaycandan olan miqrant – öz ailəsinə vətənə göndərdiyi pulun məbləğini artırmaq istəsə, o zaman mütləq şəkildə gəlir mənbəyini göstərən və leqallığını sübut edən maliyyə bəyannaməsi təqdim etməlidir. Əks halda, bu transferlər ya bloklanacaq, ya da qanunsuz hesab ediləcək.
Turkustan.az xəbər verir ki, bu təşəbbüs Rusiya cəmiyyətində uzun müddətdir davam edən miqrant əleyhinə ritorikanın daha bir təzahürü kimi qiymətləndirilir. Ekspertlər bildirirlər ki, bu yanaşma təkcə iqtisadi nəzarətlə kifayətlənmir, həm də sosial və mədəni təcridə, miqrantların hüquqlarının pozulmasına gətirib çıxarır. Xüsusilə azərbaycanlı miqrantlar hədəf seçilir. Bu, həm onların Rusiyadakı çoxsaylı işçi qüvvəsi olması, həm də son dövrlər bəzi yerli dairələrin Azərbaycana qarşı artan neqativ mövqeyi ilə bağlıdır.
Qeyd olunur ki, bu məhdudiyyətlər miqrant ailələrinin maddi durumuna ciddi zərbə vura bilər. Çünki Rusiya azərbaycanlılarının böyük bir hissəsi qazandığı pulu əsasən ölkəyə, ailəsinə göndərir.
Analitiklər bu cür sərt tədbirləri miqrantlara qarşı artan siyasi və ictimai vəhşilik, eləcə də Rusiya hökumətinin daxili auditoriyaya populist siqnal vermə cəhdi kimi qiymətləndirirlər. Onların fikrincə, bu təşəbbüs təkcə iqtisadi deyil, həm də humanitar və insan haqları baxımından ciddi narahatlıq doğurur./Bizim.Media