ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağını bildirib. Bu barədə o, Vaşinqtonda NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında açıqlama verib. D.Trampın sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün səylər göstərib və bu, yaxşı nəticəyə gətirib çıxaracaq.
Müşahidəçilər diqqəti bir məsələyə yönəldirlər ki, indiyə kimi Amerika prezidentlərindən heç biri bu cür əmin və rahat bəyanat verməyib bu mövzuda. Nə baş verir ki, Ağ Ev rəhbəri belə rahat proqnoz verir?
Politoloq Şahin Cəfərli Globalinfo.az-a açıqlamasında bildirib ki, məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Hazırda problem yaradan məsələlərin sülh müqaviləsinin mətni ilə əlaqəsi yoxdur: Azərbaycan Ermənistan Konstitusiyasının giriş hissəsinə dəyişiklik edilməsini və Zəngəzur nəqliyyat kommunikasiyası layihəsinin dəhliz məntiqi ilə reallaşdırıılmasını tələb edir.
Ş.Cəfərli qeyd edib ki, sülh müqaviləsinin razılaşdırılmasında Tramp administrasiyasının ciddi rolu olmayıb:
Şahin Cəfərli
“Bayden administrasiyası və Avropa İttifaqının qismən rolu olsa da, bu, daha çox hər iki tərəfin iradəsinin nəticəsidir. Sadəcə olaraq, Tramp bu məsələdə özü üçün ciddi fürsət görür. Xüsusən Ukraynada sülh ümidlərinin çox azaldığı (bəlkə də tükəndiyi) bir durumda Trampın başqa istiqamətlərdə diplomatik nailiyyət əldə etməyə ehtiyacı var. Tramp müharibələri dayandırmaq və sülh yaratmaq vədi ilə hakimiyyətə gəlib. Onun tərəfdarları da tələb edir ki, ABŞ-ın dünyanın müxtəlif yerlərində müharibələrə, münaqişələrə cəlb olunmasına birdəfəlik son qoyulmalı və ölkənin qaynaqları ölkə vətəndaşları üçün xərclənməlidir. Ona görə də Tramp hazırda çalışır ki, Azərbaycan-Ermənistan sülh prosesi uğurla yekunlaşdırılsın və bunu öz aktivinə yazaraq Nobel sülh mükafatını qazanmaq şansını da artırsın. Şübhə yoxdur ki, Vaşinqton diplomatik kanallarla hər iki tərəflə fəal dialoq aparır”.
Ekspertin sözlərinə görə, bu baxımdan gözləmək olar ki, yaxın həftələrdə və ya aylarda Azərbaycan və Ermənistan mübahisə doğuran məsələlər üzrə qarşılıqlı addımlarla razılığa gələ bilər:
“Məsələn, Paşinyan öhdəlik götürə bilər ki, gələn il seçkilərdə yenidən qalib gəldikdən sonra konstitusiya dəyişikliyini gündəmə gətirəcək. Azərbaycan isə dəhliz ideyasından bir qədər geri çəkilərək əvəzində Zəngəzurdan güzəştli şərtlərlə keçid hüququ əldə edə bilər. Zəngəzur nəqliyyat kommunikasiyasının işlədilməsi və orada tətbiq olunacaq keçid rejiminə nəzarətin ABŞ şirkətinə verilməsi ideyası da müzakirə olunur. Əgər bu təklif reallaşarsa, bölgənin geosiyasi mənzərəsi radikal şəkildə dəyişəcək və Rusiyanın təsiri minimallaşdırılmış olacaq ki, bu da Trampın ciddi uğuru kimi qiymətləndiriləcək”.