Zirəddindən qorxulu müharibə proqnozu: "Yaşadığımız ərazi də..."


Dünya siyasətində gərginlik yenidən artmaqdadır.

NATO və Rusiya arasındakı münasibətlər hazırda gərgindir və qarşılıqlı dialoq çox aşağı səviyyədədir. Son aylarda Polşanın hava məkanına dronların daxil olması, Rusiya və Belarusun birgə hərbi təlimləri və NATO-nun şərq qanadında müdafiəni gücləndirməsi göstərir ki, tərəflər arasında hərbi və strateji gərginlik davam edir. Alyansın müdafiə xərclərini artırması və Rusiyanın strateji mövqelərini gücləndirməsi gələcəkdə də qarşıdurma risklərinin yüksək olduğunu göstərir.

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın hərbi potensialının gözləniləndən daha tez bərpa oluna biləcəyini və NATO-nun şərq cinahına qarşı hücum qabiliyyətinə 2029-dan əvvəl də sahib ola biləcəyini bildirib. Nazir qeyd edib ki, ekspertlər və kəşfiyyat xidmətləri Moskvanın bu potensialı nə vaxt əldə edəcəyini təxmin edə bilirlər və bəzi fikirlərə görə bu tarix 2028-ə qədər yaxınlaşa bilər.

Pistorius eyni zamanda, NATO-nun müdafiə qabiliyyətinin güclü olduğunu vurğulayıb, Alyansın ciddi çəkindirici potensiala, o cümlədən nüvə arsenalına malik olduğunu bildirib. O əlavə edib ki, NATO ölkələrinin orduları döyüş qabiliyyətli olsa da, onların daha müasir və güclü şəkildə təchiz olunması vacibdir.

Yaxın müddətdə NATO və Rusiya arasında NATO arasında hərbi münaqişə gözlənilirmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirəddin Rzayev bildirib ki, münaqişə ilə bağlı kadrarxası ssenarilər də var və hər şey göründüyü kimi deyil:

“Ümumiyyətlə, dünyada iki böyük qüvvənin olduğu deyilsə də, mən bunu üç qüvvə kimi görürəm – Rusiya, NATO və Çin. Rusiya həmişə NATO‑nu özünə təhdid kimi görüb, eyni şəkildə NATO da Rusiyanı. Mövcud müqavilələrə görə NATO Rusiyanın sərhədlərinə doğru irəliləməməli, yeni geopolitik bölgələrə daxil olmamalı idi. Lakin NATO bu öhdəliyi pozdu və ABŞ-nin rəhbərliyində Qərb müharibəni şərqdən çıxararaq postsovet məkanına daşıdı.

Mənim qənaətimə görə, postsovet məkanında müharibələrin olması ehtimalı yüksəkdir və Qərb alovu bu bölgəyə gətirir. Bu proses isə yaxşı nəticələr vəd etmir. Müqaviləni pozan tərəf NATO oldu. Çox adam sual edir ki, əgər Rusiya güclü dövlətdirsə, necə olur ki, dörd il ərzində Ukrayna ilə müharibəni bitirib qələbə qazana bilmir? Rusiya hərbi əməliyyatların ilk günlərində Kiyevə yaxınlaşmışdı, lakin sonra geri çəkildi. Bu isə onu göstərir ki, müharibənin tez bitməsi müəyyən güclərin marağında olmayıb”.

Onun sözlərinə görə, müharibə hansı ssenari ilə yazılıbsa, proses də o şəkildə davam edir:

“Bu münaqişədə nə Rusiyanın, nə də Avropa ölkələrinin tam qərarverici rolu var. Müharibənin nə qədər davam edəcəyi, nə vaxt bitəcəyi, nə qədər silah‑sursat alınacağı əvvəlcədən ölçülür və hesablanır. Ukraynanı dəstəkləyən NATO isə F‑32, F‑33, F‑22 kimi üstün hərbi texnikanı vermir. İstəsə, əlində olan güclü silahları təqdim edə bilərdi. Burada hərbi ticarətdən söhbət gedir, bu, bir oyundur və bu oyunun qurbanı həmişə olduğu kimi məzlum insanlardır”.

Ekstrasens qeyd edib ki, on il ərzində postsovet məkanında müharibələrin dayanmayacağı gözlənilir:

“Mən bunu əvvəllər də demişəm, yenə də deyirəm on il ərzində postsovet məkanında davamlı müharibələr olacaq. Şərqdən başlayan müharibə Qərb istiqamətinə doğru irəliləyir və bu, postsovet bölgəsinə — Gürcüstan, Qazaxıstan, Ermənistan kimi ölkələrə də təsir edəcək. Çünki NATO-nun maraq xətti buraya doğru uzanır.

Mən özüm dərk etməyə başladığımdan bəri İraq, Suriya, Əfqanıstanda müharibənin davam etdiyini görmüşəm. İndi isə münaqişənin Qafqaza doğru keçdiyi müşahidə olunur. Görücü kimi deyirəm ki, bizim yaşadığımız ərazilər də adı çəkilən ölkələrin vəziyyətinə düşə bilər.

Mütəfəkkirlər bildirirlər ki, bu prosesdə qazanan tərəf yoxdur. Amma əslində qalib gələn tərəf silah satanlardır. Burada “Rusiya qalib gəldi” və ya “NATO qalib gəldi” kimi bir məsələ yoxdur. Müharibənin nəticəsi kimin daha çox pul qazandığı ilə bağlıdır və bu, qalibiyyət kimi dəyərləndirilir.

Amerika bir bölgədə qığılcım yaradır, prosesə başlayır, sonra digər bölgələrə keçərək öz hərbi ticarətini genişləndirir. Heç kim müharibədə tam qələbə qazanmayacaq. Kim daha çox hərbi sursat satıb gəlir əldə edirsə, o, artıq qalib sayılır”.


MANŞET XƏBƏRLƏRİ