Fransadan Ukraynaya "Rafale" həmləsi: Müharibədə yeni mərhələ başlayır? - ŞƏRH


Ukrayna və Fransa arasında Rafale qırıcılarının təchizini nəzərdə tutan yeni saziş bölgədə hərbi-siyasi gərginliyi daha da artırıb. Parisin Kiyevə bu dəfə yüksək manevr qabiliyyəti və çoxfunksiyallığı ilə seçilən Rafale qırıcılarını vermək qərarı Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır.

Lakin Moskva anlaşmanı “tamamilə məsuliyyətsiz addım” və “dəlilik həddində eskalasiya” kimi qiymətləndirərək Fransanı bölgəni daha dərin müharibə spiralına sürükləməkdə ittiham edib.

Analitiklər bildirir ki, müqavilə Ukraynaya müəyyən taktiki üstünlüklər qazandırsa da, Rusiyanın sərt reaksiyası göstərir ki, bu addım yalnız hərbi deyil, həm də geosiyasi müstəvidə ciddi nəticələr doğura bilər. Parisin qərarı Qərbin Kiyevə dəstəyinin yeni mərhələsi kimi dəyərləndirilir, Moskvanın cavab ritorikası isə qarşıdakı aylarda regionda yeni təhlükəsizlik risklərinin arta biləcəyinə işarə edir.

Maraqlıdır görəsən, Fransanın Ukraynaya ‘Rafale’ qırıcılarını verməsi Ukraynanın müharibədə üstün mövqeyə sahib olmasına səbəb ola bilərmi? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov: Rusiya Çinlə

Oqtay Qasımov

Ukrayna və Fransa arasında imzalanmış son memorandum çərçivəsində Paris Kiyevə Rafale qırıcılarının təchizini nəzərdə tutur. Rafale təyyarələri öz sinifində yüksək qiymətləndirilən, müasir və çoxfunksiyalı döyüş platformaları sayılır. Bu model Fransa müdafiə sənayesinin ən strateji məhsullarından biri kimi xarakterizə olunur. Bununla belə, son illərdə yaşanan bir sıra hadisələr Rafale-lərin döyüş meydanındakı performansı ilə bağlı müəyyən suallar yaradıb.

Bir neçə il əvvəl Şərqi Aralıq dənizində Fransa və Yunanıstanın Türkiyə ilə artan gərginlik fonunda Rafale qırıcılarından çəkindirici vasitə kimi istifadə cəhdləri gözlənilən nəticəni verməmişdi. Bu, təyyarənin texniki imkanlarından çox siyasi proseslərin mürəkkəbliyi ilə bağlı olsa da, nəticə Fransanın istəklərinə uyğun olmadı. Eyni zamanda, bu ilin may ayında Pakistan və Hindistan arasında baş vermiş dörd günlük hərbi qarşıdurma zamanı Hindistan Hərbi Hava Qüvvələrinin Fransadan aldığı Rafale qırıcılarının fəaliyyəti də tənqid olunub.

Pakistan Hərbi Hava Qüvvələrinin 7 Hindistan təyyarəsini — o cümlədən 3 ədəd Rafale-ni vurması bu platformanın döyüş şəraitində gözlənilən üstünlüyü tam göstərə bilmədiyi barədə müzakirələrə səbəb olub. 280 milyon dollar dəyərində olan bu təyyarələrin qısa müddətdə itirilməsi bir sıra ölkələrin Rafale ilə bağlı sifarişlərini dayandırmasına gətirib çıxarıb. Rafale-lərin Ukraynaya verilməsi isə Kiyev üçün müəyyən müsbət təsirlər doğura bilər. Bundan öncə İsveç istehsalı olan Gripen qırıcılarının verilməsi barədə də razılıq əldə olunmuşdu.

Hər iki qırıcı növü Ukraynanın hava hücumundan müdafiə imkanlarını genişləndirəcək və Hərbi Hava Qüvvələrinin operativ gücünü artıracaq. Lakin mütəxəssislər hesab edir ki, Rafale təyyarələrinin verilməsi Ukrayna üçün savaşın taleyini dəyişəcək “həlledici faktor” sayıla bilməz. Daha müasir və yüksək texnoloji döyüş təyyarələri ilə müqayisədə Rafale-lərin üstünlüyü məhduddur. Bu səbəbdən onların Kiyevə verilməsi yalnız Ukraynanın hava imkanlarını müəyyən qədər gücləndirəcək, lakin cəbhədə fundamental üstünlük yaratmayacaq.

Nəticə etibarilə, Rafale-lərin Ukraynaya təchizi siyasi və hərbi baxımdan mühüm addımdır, lakin müharibənin gedişatını dəyişəcək miqyasda təsir göstərməsi ehtimalı yüksək deyil.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ