Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, məktəblərə "tam ştatlı müəllim" modelinin gətirilməsi üzərində iş aparılır.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə məqsəd müəllimin məktəb mühitində daha stabil mövqeyə sahib olması və özünü kollektivin əsas üzvü kimi hiss etməsidir. Nazir əlavə edib ki, yaxın günlərdə bu mexanizmin mahiyyəti ilə bağlı geniş ictimai izah veriləcək.
Emin Əmrullayev tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcəyini açıqlayıb.
Nazir deyib: "Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss etsin. Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq? bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah verəcəyəm ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac qalmasın".
Onun sözlərinə görə, əməkhaqqı ilə bağlı mövcud problemlər sadə deyil və yeni yanaşma müəllimlərin real gəlir səviyyəsini daha düzgün əks etdirməlidir. Nazir vurğulayıb ki, "tam ştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır". Hazırkı rəqəmlərin müəllimlərin az dərs yükü ilə aldığı maaşlara əsaslandığını bildirdiyi üçün bunun yanlış təsəvvür yaratdığını qeyd edib.
Emin Əmrullayev onu da bildirib ki, müəllimin maaşının yüksəlməsi yalnız əlavə dərs saatı götürməkdən asılı olmamalıdır və bu yanaşma dəyişdirilməlidir. O, prosesin tələskənliklə həyata keçirilməyəcəyini vurğulayıb və əlavə edib: "Bir daha qeyd edirəm ki, bu məsələlərlə bağlı elm və təhsil nazirliyinin rəsmi açıqlamalarını gözləmək lazımdır. Bu, sabah baş verəcək proses deyil. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın"./publika.az