II yazı
2005-ci ildə növnədənkənar prezident seçkilərində müxalifət liderlərindən olan Kurbankek Bakiyev prezident seçildi. Martın 24-ü və 25-də mağazaların qarət edilməsi, binaların yandırılması ilə müşayiət olunan kortəbii iğtişaşları nəzərə almasaq, hakimiyyət dəyişikliyi dinc yolla baş verdi.
14 avqust 2005-ci ildə vəzifəsinin icrasına başlayan prezident Bakiyev F.Kulovu Baş nazir vəzifəsinə təyin etdi. Yeni hökumət mövcud problemləri həll etmək iqtidarında deyildi. Ölkə iqtisadiyyatı böhran həddinə yaxınlaşır, insanların yoxsulluq səviyyəsi hər ötən gün artırdı.
Eyni zamanda, 2008-ci ildə dünyanı cənginə alan maliyyə böhranı təbii sərvətlərdən məhrum olan Qırğızıstanın iqtisadi vəziyyətini daha da ağırlaşdırdı. Bakiyev müxtəlif siyasi üsullarla prezident hakimiyyətinin gücünü artırmağa çalışırdı.
2007-ci ildə Qırğızıstanda keçirilən seçkilərdə Bakiyev parlamentdəki 90 deputat yerindən 71-ni qazandı. Bakiyevin partiyası 78%-ni qazanaraq avtoritar hakimiyyətini daha da möhkəmləndirdi. Müxalifət cəmi 19 yer qazanaraq azlıqda qaldı.
Bu zaman ölkədə etnik zəmində qarşıdurmalar artmağa başladı. Fərqanə vadisindəki qırğız-özbək münaqişəsi postsovet dövründə Mərkəzi Asiyada ən böyük etnik münaqişələrdən birinə çevrildi.
Hadisələrin bu şəkildə inkişafı 2010-cu ildə Qırğızıstanda növbəti inqilabı alovlandırdı. Paytaxt Bişkekdə genişmiqyaslı mitinq və nümayişlər keçirildi, silahlı qarşıdurmalar yaşandı. Yüzlərlə insanın həyatını itirdiyi hadisələr nəticəsində Prezident sarayı qiyamçıların nəzarətinə keçdi. Nəticədə, prezident Kurmanbek Bakiyev Belarusa qaçdı və Akayevlə eyni aqibəti yaşadı.
Bakiyevin iqtidardan uzaqlaşdırılması ilə hakimiyyət Roza Otunbayevanın başçılıq etdiyi Müvəqqəti hökumətə keçdi. Lakin Bakiyevin devrilməsi etnik problemləri həll etmədi və respublikaya sabitlik gətirmədi. 2010-cu ildə Oşda baş verən qarşıdurmada 470 nəfər həlak oldu, minlərlə özbək respublikanı tərk etmək məcburiyyətində qaldı.
Qırğızıstanda qeyri-sabitlik 2011-ci ildə keçirilən prezident seçkilərinə qədər davam etdi. 2011-ci il oktyabrın 30-da keçirilən seçkiləri Almazbek Atanbayev 63,2% səslə qazandı. Atanbayev prezident vəzifəsini 2017-ci ilə qədər davam etdirdi.
Almazbek Atanbayevin dövründə də siyasi sabitliyə nail olmaq mümkün olmadı. Müstəqillik əldə etdikdən sonra respublikada 26 baş nazir dəyişmişdi. Əslində Qırğızıstan hələ də regionun ən kasıb respublikalsrından biri olaraq qalmaqdadır. Respubıikanın Tacikisfanla həmsərhəd olması Qırğızıstanda narkotik ticarətin və radikal islamın yayılmasına səbəb oldu. Ölkədə etnik münaqişələrə son qoyulsa da, etnik gərginlik bu bün də qalmaqdadır. Lakin respublikanın ən böyük problemi, şübhəsiz ki, iqtisadi vəziyyətdir.
2010-cu il aprelin 27-də qəbul edilmiş Qırğızıstanın yeni Konstitusiyasına əsasən, inzibati səlahiyyətlərin böyük hissəsi parlament və baş nazirdən geri alındı və nəticədə, Qırğızıstan parlamenti respublika sisteminə keçdi. Yeni Konstitusiyaya görə, prezident ümumxalq səsverməsi ilə seçilsə də, onun bir çox səlahiyyətləri məhdudlaşdırıldı. Məsələn, yerli idarəçilərin və digər məmurların yüksək vəzifələrə təyin edilməsi və vəzifəsindən azad edilməsi artıq parlamentin səlahiyyətinə verildi.
Üstəlik, nazirlərin təyinatında artıq prezident həlledici rola malik deyildir. Prezident milli təhlükəsizlik məsələlərinə cavavdeh olsa da, xarici siyasət və iqtisadi məsələlərdə çox az səlahiyyətlərə malikdir. Siyasi sistemlə bağlı digər diqqətçəkən dəyişiklik isə 120 nəfərlik parlamentin maksimum 65 deputatının bir partiyada birləşməsi bəndidir. Konstitusiyaya görə, istənilən siyasi partiya nə qəsər səs toplamasından asılı olmayaraq, maksimum 65 deputat seçmək hüququna malikdir.
2017-ci ildə ölkədə keçirilən prezident seçkilərində Sooronbay Jeenbekov qalib gəldi. 2020-ci il 4 noyabr parlament seçkilərindən sonra baş verən etirazlar seçkinin nəticələrinin aradan qaldırılmasına və ardından prezident Sooronbay Jeenbekovun istefasına yol açdı. Ölkədə siyasi böhranı aradan qaldırmaq məqsədilə 10 yanvar 2021-ci ildə müəyyən edilən erkən prezident seçkilərində Sadır Japarov 79,2% ( 1110412) səs qazanaraq prezident seçildi.
Ardı var...
Taleh CƏFƏROV
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru
/Soydas.az