Türkmənistan və Azərbaycan münasibətlərinin yaxınlaşması sözügedən ölkənin Türk Dövlətləri Təşkilatına (TDT) üzvülük məsələsini gündəmə gətirib.
Qeyd edək ki, Türkmənistan hazırda təşkilatda müşahidəçi statusunu daşıyır. Təşkilatın əsas məqsədi türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni və strateji əməkdaşlığı gücləndirməkdir.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən deputat, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev bildirib ki, Türk Dövlətləri Təşkilatı inteqrasiyanın yeni mərhələsindədir və bu, Türkmənistanın da TDT-ə tam üzvlüyünə gətirib çıxaracaq.
“Türk dövlətləri arasında münasibətlər hələ SSRİ-nin süqutundan və Türkdilli respublikaların müstəqillik qazanmasından dərhal sonra formalaşmağa başlayıb. Müstəqilliyin ilk illərində keçirilən dövlət başçılarının Zirvə görüşləri bu yaxınlaşmanın əsasını qoydu. Daha sonrakı mərhələdə bu proses Türk Əməkdaşlıq Şurası, TÜRKPA və digər strukturların yaranması ilə nəticələndi. 2021-ci ildə isə Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması münasibətləri sadəcə yaxınlaşma deyil, real inteqrasiya mərhələsinə keçirdi” – deyə o bildirib.
Deputatın sözlərinə görə, hazırda artıq Türk Dövlətləri Təşkilatında inteqrasiyanın dərinləşməsindən danışmaq olar:
“Son illərdə təşkilata üzvlərin və iştirakçıların sayının artması da bu prosesin genişlənməsindən xəbər verir. Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistan müşahidəçi statusunda TDT-nin işində iştirak edirlər. Bu, təşkilatın coğrafiyasının və əhatə dairəsinin genişlənməsi ilə yanaşı, inteqrasiya proseslərinin strateji hədəflərini müəyyənləşdirmək baxımından da çox əhəmiyyətlidir.”
Cavanşir Feyziyev Türkmənistanın neytrallıq siyasətinə də münasibət bildirib:
“Türkmənistan uzun illərdir neytral dövlət siyasətini yürüdür və heç bir bloklaşmaya qoşulmur. Amma bu o demək deyil ki, o, qlobal və regional proseslərdən tamamilə uzaq qalacaq. Son onillikdə dünyada baş verən geosiyasi sarsıntılar və geo-iqtisadi transformasiyalar bütün ölkələr üçün təhlükəsizlik və iqtisadi çağırışlar yaradıb”.
Deputatın fikrincə, belə bir kontekstdə Orta Dəhliz kimi böyük geoiqtisadi layihələr ön plana çıxır:
“Orta Dəhliz konsepsiyası bütövlükdə türk coğrafiyasını əhatə edən, gələcəyin iqtisadi və strateji inkişaf trayektoriyasını müəyyən edən təşəbbüsdür. Bu layihə və digər inteqrasiya təşəbbüslərindən kənarda qalmaq heç bir türk dövlətinin maraqlarına cavab vermir. Bu reallığı bütün türk liderləri anlayır və bu da onları birgə hərəkət etməyə sövq edir”.
O əlavə edib ki, Azərbaycanın 2020-ci ildə qazandığı Zəfər də bu proseslərə ciddi təkan verdi:
“Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə türk dövlətləri arasında inteqrasiyanı sürətləndirən amillərdən biri oldu. Həm qürurverici, həm də strateji baxımdan əhəmiyyətli bu hadisə, türk birliyinin gücünü və perspektivini bir daha göstərdi”.
“Əminəm ki, sinergetik şəkildə baş verən bütün bu proseslər Türkmənistanın da yaxın illərdə Türk Dövlətləri Təşkilatına tam üzv kimi qoşulması ilə nəticələnəcək. Bu, yalnız vaxt məsələsidir. Çünki gələcək – birlikdə inkişaf edən türk dünyasına aiddir”- deyə sonda deputat bildirib.
Mövzu ilə bağlı Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlının sözlərinə görə, Azərbaycan Türk Dövlətləri Təşkilatında istiqamətverici gücdür, Türkmənistanın da tam üzvlüyü zaman məsələsidir:
“İlk olaraq onu qeyd edim ki, son illərdə Türk Dövlətləri Təşkilatında Azərbaycan sadəcə üzv ölkə deyil, həm də istiqamətverici güc kimi çıxış edir. Qarabağ Zəfərindən sonra Azərbaycanın siyasi nüfuzu regionda əhəmiyyətli dərəcədə artdı və bu nüfuz Türk Dövlətləri Təşkilatının fəaliyyətində də aydın şəkildə hiss olunur.”
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” mesajı Azərbaycan rəhbərliyinin bu sahədə yürütdüyü siyasətin əsas fəlsəfəsini təşkil edir:
“Tarixi milli birliklə yanaşı, bu gün artıq iqtisadi əməkdaşlıq da türk dövlətləri arasında dərinləşir. Enerji, yük və sərnişin daşımalarının artması türk birliyini yalnız mədəni-siyasi deyil, qlobal iqtisadi gücə çevirməyə doğru aparır.”
Tənzilə Rüstəmxanlı Azərbaycan və Türkmənistan arasında son illər güclənən əlaqələrin bu inteqrasiya prosesindəki önəmini xüsusi qeyd edib:
“Azərbaycan ilə Türkmənistan arasında enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq xüsusilə önəm kəsb edir. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, ümumilikdə Avrasiya regionunun iqtisadi sabitliyi və inkişafı üçün mühüm baza yaradır. Qarşılıqlı etimada əsaslanan bu münasibətlər türk dünyasında inteqrasiyanı dərinləşdirən əsas amillərdən biridir.”
Deputat, həmçinin Türkmənistan Xalq Məsləhətinin sədri, sabiq Prezident Qurbanqulu Berdiməhəmmədovun Qarabağa etdiyi səfərə də diqqət çəkib:
“Onun Füzuli və Şuşaya səfəri, oradakı bərpa-quruculuq işləri ilə tanışlığı Türkmənistanın Qarabağın yenidən qurulmasında həmrəylik nümayişi idi. Bu səfər təkcə simvolik xarakter daşımırdı – bu, həm də humanitar və siyasi həmrəyliyin konkret ifadəsidir.”
Tənzilə Rüstəmxanlı Türkmənistanın hələlik TDT-yə tam üzv olmamasının səbəblərindən də bəhs edib:
“Türkmənistanın bu təşkilatda yalnız müşahidəçi statusunda iştirakı, əsasən, iki səbəbdən qaynaqlanır. Birinci səbəb ölkənin uzun illərdir tutduğu ehtiyatlı və neytral siyasi xətt, ikinci isə Konstitusiyada təsbit olunmuş neytrallıq statusudur. Bu sənədə əsasən, Türkmənistan heç bir beynəlxalq hərbi-siyasi bloka qoşula bilməz.”
Lakin deputat hesab edir ki, dəyişən qlobal geosiyasi və geoiqtisadi reallıqlar fonunda bu mövqe dəyişə bilər:
“Azərbaycan - Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu ölkə ilə daimi təmasdayam. Əminliklə deyə bilərəm ki, dəyişən dünya düzənində və yeni beynəlxalq şərtlər fonunda Türkmənistanın öz mövqeyinə yenidən baxması qaçılmaz olacaq. Hesab edirəm ki, çox da uzaq olmayan gələcəkdə Türkmənistan Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvü statusunu əldə edəcək.”
Sonda deputat əlavə edib ki, Türk dünyasında baş verən sinergetik proseslər bütövlükdə bölgənin gələcəyinə müsbət təsir göstərməkdədir və bu inteqrasiyada Azərbaycanın rolu həlledici mövqedədir.