Ukrayna Rusiya hərbi obyektlərinə zərbələr endirmək üçün əsas silah ola biləcək yüksək dəqiqlikli bomba hazırlayıb.
Mərminin prototipi sınaq zamanı ukraynalı qırıcının ekipajı tərəfindən bu yaxınlarda lentə alınan videoda görünür.
Turkustan.az bu barədə “Forbes”-ə istinadən yazır.
Nəşrin məlumatına görə, bomba raket sürətləndiricisi, geri çəkilə bilən qanadlar və GPS sistemi ilə təchiz edilib və onun uçuş məsafəsi təqribən 65 kilometrə çata bilir.
“Əgər Ukrayna bu bombaların kütləvi istehsalını qursa, o, Rusiya Silahlı Qüvvələrinin Ukraynanı oxşar mərmilərlə atəşə tutduğu tezlikdə Rusiya ərazisinə zərbə endirə biləcək”, - “Forbes” qeyd edir. Yeni bomba Ukraynada istehsal olunan Neptun qanadlı raketi, Palyanitsa dron raketi və müxtəlif uzaq mənzilli hücum pilotsuz təyyarələri kimi sursatların siyahısına qoşulacaq.
Qərbdən silahların məhdud tədarükü və onların Rusiya ərazisinin dərinliklərində istifadəsinə qoyulan qadağalar fonunda Ukrayna öz mərmilərinin istehsalını fəal şəkildə inkişaf etdirir.
Belə ki, avqustun 24-də Ukrayna Silahlı Qüvvələri 700 kilometr uçuş məsafəsinə malik “Palyanitsa” uzaqmənzilli pilotsuz uçuş aparatının raketini uğurla sınaqdan keçirib. Ukraynanın müdafiə naziri Rustəm Umarov bu raketin Rusiyaya qarşı zərbələr üçün istifadə edilməsinin planlaşdırıldığını bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, iki il yarımlıq müharibə zamanı Rusiya Ukraynaya 10 minə yaxın raket və 33 mindən çox KAB atıb. O, “X” sosial şəbəkəsində “Palyanitsa” ilə videonun altında yazıb:
“Biz bu silahların daşıyıcılarına - Rusiya təyyarələrinə hərbi aerodromlarda zərbə endirməklə şəhərlərimizə hücumları dayandıra bilərik”. /Cebheinfo.az/