Böyük plana qarşı yeni güc


Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı təklifi ilə diqqət mərkəzinə düşüb.

O, İsrailə qarşı Türkiyə, Suriya, İraq və Misirin iştirakı ilə “Qüds Paktı”nın qurulmasını təklif edib.

Bağçalı Qüdsü ilk qiblələri və ortaq taleləri adlandırıb, eləcə də İsrailə qarşı yönələcək başqa ölkələrin də sözügedən koalisiyaya qatıla biləcəyini bildirib.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, burada niyyət müsəlman dünyasının birliyinə cəhd etməkdir:

“Çünki bu gün ən vacib məsələ məhz odur. Bu gün İsrailin və onun arxasında dayanan güclərin hədsiz davranışların əsas səbəbi müsəlman dünyasının parçalanmış bir vəziyyətdə olması və birləşmə ehtimalının çox az olduğudur. Əks təqdirdə, bu, həm İsrail, həm də onun havadar dövlətləri üçün çox ciddi çəkindirici məqam olardı. Ona görə MHP lideri bu məsələni gündəmə gətirib. Ümumiyyətlə, Misir ərəb ölkələri arasında ən böyük və hərbi cəhətdən qüdrətli dövlətlərdən biridir. Üstəlik, Misir İsrailin də yaxınlığında olan dövlətdir. Misirin prosesdə iştirakı İsrail üçün ən böyük təhlükə vəd edir. İraq, Suriya və digər ölkələrin nəzərdə tutulması da təsadüf deyil. Çünki İsrail ona vəd olunmuş torpaqların İraqın, Suriyanın, Türkiyənin və İranın bir hissəsində olduğunu düşünürlər”.

Politoloqun sözlərinə görə, bu, ABŞ və İsrailin dəstəklədiyi böyük bir layihədir:

“Uzun müddətdir ki, bunu həyata keçirməyə çalışırlar. İrana müdaxilədən tutmuş, Suriyanın parçalanmasına və Suriyanın şimalında terror dövlətinin yaradılmasına cəhdlər də bu böyük planın tərkib hissəsidir. Bağçalı da ona görə bu dövlətləri birlik olmağa çağırır.

Əgər bu dövlətlər birlik nümayiş etdirsə, digər ərəb və müsəlman dövlətləri də prosesə qoşula bilər. Həqiqətən birliyin və ciddi gücün ortaya çıxdığı hiss olunanda, digər müsəlman dövlətlərini də müəyyən mənada stimullaşdıra bilər. Düzdür, çətin məsələdir. Ancaq ideoloji və nəzəri olaraq gündəmə gətirildi. Bundan sonra adıçəkilən ölkələrin reaksiyalarına baxmaq lazımdır”.

Elmir
“Cebheinfo.az”


MANŞET XƏBƏRLƏRİ