Almaniyanın Frankfurt şəhərindən Hindistanın Yeni Dehli şəhərinə uçan Air India təyyarəsi qaçırılma siqnalı verib.
Turkustan.az xəbər verir ki, təyyarəyə bomba qoyulması təhlükəsi ilə bağlı məlumatdan sonra hava gəmisi Hindistanın şimal-qərbində yerləşən Caypur şəhərinə yönləndirilib.
Məlumata görə, Frankfurtdan Yeni Dehliyə uçan təyyarənin pilotu beynəlxalq səviyyədə tanınan Squawk 7500 transponder kodunu aktivləşdirib. Bu kod hava hərəkətinin idarə edilməsi xidmətlərinə təyyarənin qaçırılması və ya ona qanunsuz müdaxilə ehtimalı barədə məlumat vermək üçün istifadə olunur.
Əhmədabad Hava Hərəkətinə Nəzarət xidməti yerli vaxtla saat 09:00 radələrində təyyarədən bir neçə saniyə davam edən təcili siqnal alıb.
AFP-nin məlumatına görə, AI-2030 reysi yerli vaxtla saat 09:35-də (04:05 GMT) Caypur Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Təyyarə təhlükəsizlik yoxlamalarının aparılması üçün təcrid olunmuş əraziyə aparılıb.
İlkin yoxlamalar zamanı təyyarənin normal vəziyyətdə olduğu müəyyən edilib.
Aytən Yaşar/Turkustan.az