Azərbaycanla sülh sazişinin imzalanmasının nəticəsi olaraq Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Eyni zamanda, sərhədin hər iki tərəfində anklav və eksklavlar qalmamalıdır. Bakı və İrəvan əraziləri dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişməlidir.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla saziş məsələsinə yenidən toxunaraq Bakı ilə sülhün hansı şərtlər əsasında qurulmalı olduğunu izah edərkən deyib.
“Bütün yollar və kommunikasiya xətləri həm “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsi çərçivəsində, həm də ondan kənarda açıq olmalıdır. Bakı və İrəvan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlərdə bir-birinin işinə qarışmamalıdır. Qarabağ, Qardman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi ilə bağlı heç bir tələb olmamalıdır”, - o bildirib.
Qeyd edək ki, “Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” fikri hiyləgərlikdir. Məsələn, ermənilərin iddia etdiyi Başkənd sərhəddən 18 km məsafədədir, dağlıq ərazidədir, Ermənistandan ora normal yol belə yoxdur və cəmi 127 nəfər əhalisi olub ki, buna görə milyardlıq yol çəkmək də sərf etmir. Heç bir strateji əhamiyyət də kəsb etmir, amma ərazisi 40 kv.km-dır.
Kərki isə sərhədimizin 8 kilometrliyindədir, əhalisi 1000 nəfərə qədərdir. Olduqca strateji yerdə yerləşir, Ermənistanın şimal və cənubunu birləşdirən M-2 magistralı Kərkidən keçir. Ərazisi 9 kv.km-ya yaxındır.
Və yaxud Tavuş vilayətindəki Azərbaycana məxsus Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri hərbi, coğrafi və logistik baxımdan kritik strateji əhəmiyyət daşıyır. Ermənistanı Gürcüstan və Rusiya ilə birləşdirən əsas şimal magistral yolu - M-1 xətti - birbaşa bu kəndlərdən keçir.
Bu kəndlərin qaytarılması və onlara gedən yolun təmin edilməsi böyük hərbi-siyasi üstünlük verməklə yanaşı, Ermənistanı bəzi ərazilərdən geri çəkilməyə vadar edəcək.
Bu baxımdan Paşinyan qəbuledilməz iddia və başından böyük təkliflə çıxış edir./axar.az