Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir


Vahid geyim qaydaları və məktəb formaları ilə bağlı son günlərdə yaşanan müzakirələr fonunda bəzi valideynlərin övladlarını dərslərdən yayındırması və ya məktəbə göndərməməsi halları ciddi narahatlıq doğurur. Geyim və ya digər məktəbdaxili qaydalar bəhanəsi ilə uşaqların təhsildən uzaqlaşdırılması yolverilməzdir və qanun qarşısında müvafiq məsuliyyət yaradır.
Turkustan.az
xəbər verir ki, mövzuyla bağlı hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a danışıb. Onun sözlərinə görə övladını üzrlü səbəb olmadan təhsildən kənarda saxlayan valideyn inzibati məsuliyyətə cəlb oluna bilər.

“İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsi uşağın təlim-tərbiyəsi üzrə vəzifələrin üzrlü səbəb olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq və ya 40–60 manat cərimə nəzərdə tutur. Geyim qaydasına etiraz edərək uşağı dərsə göndərməmək də bu maddə üzrə qiymətləndirilə bilər".

Hüquqşünas qeyd edib ki, Ailə Məcəlləsinin 58.4-cü maddəsində valideynin öhdəliyi açıq göstərilib:

"Valideynlər uşaqlarının əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Geyim qaydası ilə razı deyiləm” deməklə bu vəzifədən imtina etmək olmaz. Valideyn narazılığını bildirə, qaydanı qanuni qaydada mübahisələndirə bilər. Lakin övladının təhsilini dayandırmaqla onun hüquqlarına zərər vurur" - o bildirib.

Məsuliyyət avtomatik tətbiq edilmir. Uşağın dərsə gəlməməsinin səbəbi və valideynin təqsiri müəyyənləşdirilməlidir:

"Valideyn uşağı evdə saxlayır, yoxsa uşaq məktəbə gəldiyi halda dərsə buraxılmır? Bunlar fərqli hallardır. Məktəb davamiyyətsizliyi qeydə almalı, valideynin izahatını öyrənməli və uşağın dərsə qayıtması üçün çalışmalıdır. Valideyn də geyimlə bağlı mübahisənin övladının təhsilini yarımçıq qoymasına yol verməməlidir”.


MANŞET XƏBƏRLƏRİ