20 qəpikdən 45 qəpiyədək BAHALAŞDI: Toyuqlar niyə yumurtlamır?


Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin sentyabr ayı ərzində ət və ət məhsulları 2%, yumurta isə 5,4% bahalaşıb. Beləliklə, kənd yumurtasının qiyməti 20-30 qəpikdən 35-45 qəpiyədək yüksəlib.

Bəs yumurtanın qiymətinin artmasının səbəbi nədir? Bu bahalaşma hansı səviyyəyə qədər davam edə bilər?

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yumurtanın, xüsusilə kənd yumurtasının bahalaşmasının bir neçə səbəbi ola bilər:

"İlk növbədə, toyuqların saxlanılması, yem, baytarlıq xidmətləri və daşınma xərclərinin artması qiymətlərə təsir göstərir. Kənd yumurtasının istehsalı sənaye üsulu ilə müqayisədə daha məhdud olduğundan, bazara çıxarılan məhsulun həcmi azaldıqda qiymət daha sürətlə yüksələ bilər. Payız aylarında toyuqların yumurtlama intensivliyinin azalması da təklifə təsir edə bilən amillərdəndir. Bununla belə, qiymət artımının konkret səbəbini müəyyən etmək üçün istehsal həcmi, yem xərcləri və bazardakı tələb-təklif nisbəti barədə məlumatlar nəzərə alınmalıdır".

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli

Ekspertin fikirncə, yumurtanın qiymətinin hansı həddə qədər artacağını dəqiq söyləmək mümkün deyil. Əgər bahalaşma əsasən mövsümi amillərlə bağlıdırsa, qiymətlər müəyyən müddətdən sonra sabitləşə bilər. Lakin yem və digər istehsal xərcləri artmaqda davam edərsə, yaxud bazara çıxarılan yumurtanın həcmi azalarsa, qiymət artımı davam edə bilər.

"Burada əsas məsələ bahalaşmanın müvəqqəti təklif azalmasından, yoxsa istehsal xərclərinin davamlı yüksəlməsindən qaynaqlanmasıdır. Hazırda kənd yumurtasının qiymətinin 20–30 qəpikdən 35–45 qəpiyə yüksəlməsi bazarda mövsümi təklif azalmasının təsirini göstərir. Satıcıların bildirdiyinə görə, kənd toyuqlarının yumurtlama səviyyəsinin aşağı düşməsi bahalaşmanın əsas səbəblərindən biridir", - deyə müsahibimiz əlavə edib.

Mütəxəssisə görə, payız və qış aylarında yumurtlamanın azalması, yem və enerji xərclərinin yüksəlməsi əlavə bahalaşma riski yaradır. Lakin kənd yumurtasının qiymətinin hansı həddə çatacağını indidən söyləmək düzgün olmaz. Bunun üçün istehsalın mövsümi azalmasının miqyasını, tələbatı və istehsalçıdan istehlakçıya qədər olan satış zəncirində formalaşan qiymət əlavələrini araşdırmaq lazımdır:

"İqtisadçıların da diqqət çəkdiyi kimi, istehsal xərclərinin artması pərakəndə qiymətdəki artımın miqyasını təkbaşına izah etmir. Digər mühüm məqam kənd yumurtası ilə fabrik yumurtasını fərqləndirməkdir. Kənd yumurtasının bahalaşması bütün yumurta bazarında eyni səviyyədə qiymət artımı demək deyil. Azərbaycanda sənaye üsulu ilə yumurta istehsalının daxili tələbatı üstələməsi barədə əvvəlki məlumatlar da var. Buna görə də fabrik yumurtasının qiymətinin necə dəyişəcəyi ayrıca olaraq istehsal həcmi, daxili tələb və ixrac imkanlarından asılı olacaq".


MANŞET XƏBƏRLƏRİ