Rusiyanın ən böyük məlumat mərkəzi Ukraynanın dron hücumu nəticəsində zərər görüb.
Turkustan.az xəbər verir ki, Rusiyanın bank və texnologiya şirkəti Sberbank tərəfindən istifadə edilən mərkəz hücumdan sonra da fəaliyyətini davam etdirib.
Ukrayna Rusiyanın Saratov vilayətində, Volqa çayının sahilində yerləşən məlumat mərkəzini dronlarla hədəfə alıb. Sözügedən obyekt Sberbank-a məxsusdur və Rusiyanın ən böyük məlumat mərkəzi hesab olunur.
Sberbank-ın baş direktorunun birinci müavini Aleksandr Vedyaxin məlumatların emalı mərkəzinə hücumu təsdiqləyib. O bildirib ki, hücuma baxmayaraq, bankın bütün sistemləri və xidmətləri normal, fasiləsiz fəaliyyət göstərir.
Ukrayna ötən həftə Rusiyanın “Yandex” texnologiya qrupuna məxsus məlumat mərkəzlərinə də üç hücum həyata keçirib. Ukrayna tərəfi bu zərbələrin Rusiyanın öz ərazisində Ukraynanın məlumat mərkəzlərinə endirdiyi hücumlara cavab olduğunu bildirib.
Nə “Yandex”, nə də Sberbank Ukraynanın hücumları nəticəsində hər hansı superkompüterin zərər görüb-görmədiyi barədə məlumat açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az