Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi barədə yenidən danışıb və Bakı ilə sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu izah edib.
Paşinyan sosial şəbəkələrdə canlı yayım zamanı sülh sazişinin imzalanmasından sonra Ermənistanın ərazisinin 29 743 kvadratkilometr təşkil etməli olduğunu bildirib.
Onun sözlərinə görə, sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır. Ermənistan və Azərbaycan dəqiq ölçüləri müəyyənləşdirilmiş əraziləri bir-biri ilə dəyişməlidir.
Qeyd edək ki, Nikol Paşinyan əvvəllər də anklav və esklavlar məsləsindən danışıb.
Bəs o, anklav və esklavlar deyəndə hansı əraziləri nəzərdə tutur?
Turkustan.az-ın məlumatına görə, Nikol Paşinyan bu mövzunu gündəmə daşımaqla Azərbaycanın Gədəbəy rayonunun Başkənd yaşayış məntəqəsinə iddiasını yenidən önə çıxarır. İrəvan həmin yaşayış məntəqəsini "Artsvaşen" adlandırır və onu Ermənistan ərazisi hesab edir.
Qeyd edək ki, tarixi Azərbaycan torpağı olan Başkənd Sovetlər dövründə - 1920-ci ildə Ermənistana verilib və onun xəritəsinə daxil edilib. Ərazisi 40 kv.km olan Başkənd 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni esklavı kimi qalırdı. Ermənistan hökuməti qəsəbənin adını 1978-ci ildə "Artsvaşen" olaraq dəyişdirmişdi.
Başkənd 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib.
Azərbaycanın hazırda işğal altında 4 esklavı var - Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi. Onlar hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub.
Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.
Qazaxın işğal altındakı Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub.
Naxçıvanın Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir./modern.az