Qırmızı Xaç Nəsimi Musayevə dair məlumat yaydı


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda iki aylıq həbs edilən Azərbaycan hərbçisi Nəsimi Musayevlə görüşmək üçün müvafiq qurumlarla əlaqə saxlayır.

Turkustan.az xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya rəhbəri Zara Amatuni “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təşkilat Azərbaycan hərbçisi ilə görüşün təşkil olunması üçün aidiyyəti qurumların razılığını gözləyir.

“Onların razılığını aldıqdan sonra biz onunla görüşə biləcəyik”, – deyə Amatuni qeyd edib.

Xatırladaq ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Sünik vilayətinin Şəki yaşayış məntəqəsində saxlanılıb.

Ermənistan tərəfinin məlumatına görə, Azərbaycan hərbçisi yaşayış evlərindən birinə daxil olmaqda və orada yerli sakini yaralamaqda ittiham olunur.

Ermənistanın hüquq-mühafizə orqanları Nəsimi Musayev barəsində sərhədi qanunsuz keçmə, yaşayış yerinin toxunulmazlığını pozma və digər maddələr üzrə cinayət işi açıldığını bildirib.

Məhkəmənin qərarı ilə Azərbaycan hərbçisi barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Baş Prokurorluğunun daha əvvəl yaydığı məlumata görə, Nəsimi Musayev sentyabrın 26-da Laçın rayonunda yerləşən hərbi hissədə xidmət yerini özbaşına tərk edib. Hadisənin araşdırılması məqsədilə cinayət işi başlanıb.

Azərbaycanın aidiyyəti dövlət qurumları hərbçinin Ermənistanda saxlanılmasının səbəblərini və digər halları aydınlaşdırmaq üçün qarşı tərəflə əlaqə saxladıqlarını bildiriblər./modern.az


MANŞET XƏBƏRLƏRİ