Yaxın 20 il üçün Türk Dövlətləri Təşkilatı özünəməxsus, çevik və mərhələli əməkdaşlıq modeli formalaşdırmalıdır
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasını davam etdirir. Avqustun 1-dən oktyabrın 31-dək davam edəcək layihə çərçivəsində Türk dünyasının inteqrasiyası, ortaq dəyərləri və gələcək inkişaf perspektivlərinə həsr olunmuş on mövzu üzrə silsilə müsahibələr hazırlanacaq. Layihə ilə bağlı təqdim edəcəyimiz 10 müsahibə toplusunun sonuncu, Onuncu mövzusu “Şuşadan gələcəyə: Türk dünyasının ortaq baxışı” adlanır. Bu mövzu çərçivəsində Türk dünyası üçün növbəti 10–20 illik perspektiv, siyasi birlik imkanları, iqtisadi və humanitar inteqrasiya və s. kimi məqamlar müzakirə olunur. Mövzu ilə bağlı təqdim etdiyimiz müsahibələrdə sözügedən məqamlara toxunulub.
Qeyd edək ki, müsahiblərimiz mövzu ətrafında aşağıdakı sualları cavablandırıblar:
1.Əgər Türk dünyasının inkişafına 10–20 illik perspektivdən baxsaq, Sizcə, qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatının və ümumilikdə Türk dünyasının qarşısında duran ən böyük strateji hədəflər nələr olmalıdır? Türk dövlətləri hansı sahələrdə daha dərin inteqrasiyaya nail ola bilərlər?
2.Qarşıdakı onilliklərdə Türk dövlətləri arasında siyasi koordinasiyanın, iqtisadi əməkdaşlığın, nəqliyyat və enerji əlaqələrinin, eləcə də ekoloji, elmi və humanitar inteqrasiyanın inkişafını necə görürsünüz? Bu proseslərin Türk dünyasını qlobal miqyasda daha təsirli güc mərkəzinə çevirməsi nə dərəcədə realdır?
3.Şuşa Bəyannaməsindən başlayan yeni mərhələni nəzərə alsaq, sizcə, 2040–2045-ci illərə doğru Türk dünyasının ortaq strateji baxışı hansı əsas prinsiplər üzərində formalaşmalıdır? Türk dövlətlərinin gələcəkdə daha sıx siyasi birlik, ortaq mövqe və ortaq maraqlar ətrafında hərəkət etməsi üçün bu gündən hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı fikirlərini bölüşən müsahiblərimiz - Türkiyənin Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Tarixi kafedrasının rəhbəri, Prof. Dr. Abdullah Temizkan və Özbəkistandan olan tədqiqatçı, metrologiya mütəxəssisi və Fərqanə Dövlət Texniki Universitetinin müəllimi Akmaljon Mamatovdur.
İndi isə onların bu suallara verdikləri cavabları təqdim edirik:
Abdullah Temizkan: İlk növbədə sərt “ortaq xarici siyasət” əvəzinə “ortaq mövqe” prinsipinə əsaslanan yanaşma tətbiq edilməlidir
1.Türk dünyasının qarşıdakı 15–20 il ərzində həll etməli olduğu ən mühüm məsələlərin başında iqtisadi inteqrasiya gəlir. Bunun üçün gömrük prosedurlarının uyğunlaşdırılması, rəqəmsal ticarət sistemlərinin qurulması, ortaq investisiya fondlarının yaradılması, milli valyutalarla ticarətin artırılması və nəqliyyat xərclərinin azaldılması vacibdir. Digər mühüm istiqamət Orta Dəhlizin mümkün qədər tez tamamlanmasıdır. Üçüncü əsas istiqamət enerji inteqrasiyasıdır. Təbii ki, dəyişən beynəlxalq münasibətlər fonunda təhlükəsizlik və müdafiə sənayesi əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır.
Mühüm hədəflərdən biri vahid təhsil və elm şəbəkəsinin yaradılmasıdır. Ortaq universitet modelləri, doktorantura proqramları, təqaüd sistemləri, akademik məlumat bazası və TÜBİTAK kimi ortaq elmi tədqiqat qurumunun yaradılması vacibdir. Orhun Mübadilə Proqramının inkişaf etdirilməsi tələbə və alimlərin hərəkətliliyini artırmaqla yanaşı, ortaq elmi terminologiyanın formalaşmasına xidmət edəcək.
Eyni zamanda ortaq rəqəmsal kimlik, elektron imza və ödəniş sistemi, süni intellekt tədqiqat mərkəzi, kibertəhlükəsizlik şəbəkəsi və ortaq peyk layihələri kimi addımlar atılmalıdır.
Uzunmüddətli perspektivdə mədəniyyət və dil yaxınlaşması da əhəmiyyətlidir. Məqsəd vahid dil yaratmaq deyil, türk xalqları arasında qarşılıqlı anlaşmanı artırmaqdır. Bunun üçün ortaq terminologiya, media məzmunları, tarix layihələri və rəqəmsal kitabxanalar yaradılmalıdır.
Ən çətin məsələlərdən biri ortaq xarici siyasət koordinasiyasının formalaşdırılmasıdır.
Təbii ki, bu məqsədlərə çatmaq asan deyil. Böyük güclərin təzyiqləri, dövlətlərin fərqli xarici siyasət prioritetləri, infrastruktur problemləri, iqtisadi inkişaf səviyyələrindəki fərqlər və suverenlik məsələsinə həssas yanaşma əsas çətinliklərdir. Lakin liderlər güclü siyasi iradə nümayiş etdirərsə, bu hədəflər mümkündür. Hazırda ən vacib məsələ “yolda olmaq” və bu yolda əzm və qətiyyətlə irəliləməkdir.
2.Müasir dünyadakı sürətli dəyişiklikləri nəzərə alsaq, qarşıdakı 20 il üçün proqnoz vermək riskli görünə bilər. Lakin gələcək çağırışlara hazır olmaq üçün bu riski gözə almaq lazımdır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çevik və mərhələli əməkdaşlıq modeli formalaşdırmalı, nəqliyyat, ticarət, enerji, investisiya, rəqəmsallaşma, təhsil və xarici siyasəti əhatə edən siyasi koordinasiya mexanizmi yaratmalıdır.
İlk növbədə sərt “ortaq xarici siyasət” əvəzinə “ortaq mövqe” prinsipinə əsaslanan yanaşma tətbiq edilməlidir. Çünki türk dövlətlərinin geosiyasi reallıqları və prioritetləri fərqlidir. Yüksək səviyyəli görüşlərdən əvvəl məsləhətləşmələrin aparılması, regional böhranlarla bağlı uzlaşdırılmış bəyanatların verilməsi, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin göstərilməsi və terrorizm, miqrasiya, təbii fəlakətlər və sərhədyanı cinayətkarlıqla mübarizədə birgə fəaliyyət vacibdir.
Türk dünyasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi digər sahələrin inkişafına da təkan verəcək. Türk İnvestisiya Fondunun kapitalı artırılaraq nəqliyyat, enerji, rəqəmsal infrastruktur və KOB-ları dəstəkləyən maliyyə mexanizminə çevrilməlidir. Eyni zamanda müxtəlif sahələrdə ortaq istehsal şəbəkələri yaradılmalıdır. Türk dünyasının qlobal iqtisadi gücə çevrilməsində Orta Dəhlizin uğuru həlledici rol oynayacaq. Xəzərdən keçid imkanları genişləndirilməli, Aktau, Kurık, Türkmənbaşı, Bakı və Ələt limanları əlaqələndirilməli, gəmi və bərə imkanları artırılmalı, dəmir yolu standartları uyğunlaşdırılmalı, sərhəd və gömrük prosedurları vahid rəqəmsal sistemə keçirilməlidir. Türkiyə üzərindən Avropaya dəmir yolu əlaqələri genişləndirilməli, türk dövlətlərinin logistika və maliyyə imkanlarından daha fəal istifadə olunmalıdır.
Növbəti 20 ildə enerji inteqrasiyası da prioritet olmalıdır. Ən mühüm məsələlərdən biri mədəni və humanitar inteqrasiyadır. Bu prosesdə bir ölkənin mərkəzə çevrildiyi iyerarxik modeldən deyil, çoxmərkəzli Türk dünyası anlayışından çıxış etmək vacibdir.
TDT-nin institusional imkanları gücləndirilməli, təşkilat yalnız zirvə və toplantılar keçirən qurum deyil, layihələr hazırlayan, analitik məhsullar yaradan və onların icrasını izləyən fəal instituta çevrilməlidir. Türk dünyası xammal ixrac edən deyil, bilik, yüksək texnologiya və əlavə dəyər yaradan iqtisadi məkana çevrilməlidir. Eyni zamanda böyük qlobal güclərlə balanslı və praqmatik münasibətlər qurulmalı, TDT-nin hər hansı dövlətə qarşı yaradılmış blok təsəvvürü yaratmasına yol verilməməlidir.
Nəticə etibarilə, 2040-cı illərə doğru TDT-nin sərt siyasi federasiya və ya hərbi blokdan daha çox, Avropa ilə Asiya arasında nəqliyyat, enerji, ticarət, rəqəmsal bağlantı və diplomatik koordinasiyanı təmin edən institusional Avrasiya əməkdaşlıq məkanına çevrilməsi daha real görünür. Əsas məsələ ortaq coğrafi və mədəni kapitalın iqtisadi, texnoloji və institusional gücə çevrilməsidir.
3.Şuşa Bəyannaməsi Türk dünyası üçün yeni mərhələnin əsasını qoyub və Türkiyə-Azərbaycan münasibətlərini rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldib. Bu model göstərdi ki, ortaq mədəni və tarixi bağlar əlverişli şərait yarandıqda konkret strateji həmrəyliyə çevrilə bilər.
Bu təcrübənin Türk dünyasında genişləndirilməsi üçün suveren bərabərlik, daxili işlərə qarışmamaq, sərhədlərin toxunulmazlığı, müstəqil xarici siyasət və qərarların konsensus əsasında qəbul edilməsi əsas prinsiplər olmalıdır. Məqsəd digər dövlətlərə qarşı yönəlmiş hərbi blok yaratmaq deyil, üzv ölkələrin xarici təzyiqlər qarşısında imkanlarını genişləndirən strateji muxtariyyət platforması formalaşdırmaqdır. Yəni, NATO tipli sərt hərbi ittifaq əvəzinə mərhələli təhlükəsizlik və həmrəylik mexanizmi yaradıla bilər. Üzv dövlətin suverenliyi və ərazi bütövlüyü təhdid olunduqda fövqəladə məsləhətləşmələrin keçirilməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstək, ortaq bəyanatlar və böhran dövründə birgə diplomatik fəaliyyət bu mexanizmin əsas elementləri ola bilər.
Bu strateji həmrəylik iqtisadiyyat, nəqliyyat və enerji əməkdaşlığı ilə möhkəmləndirilməlidir.
Xüsusilə onu da qeyd edim ki, müasir çağırışlar fonunda ortaq türk dilli süni intellekt və rəqəmsal infrastrukturun yaradılması həyati əhəmiyyət daşıyır. Türk dillərinin rəqəmsal dünyada kifayət qədər məlumat bazasına və texnoloji dəstəyə malik olmaması gələcəkdə mədəni və texnoloji asılılıq riski yarada bilər.
Digər tərəfdən, dövlətlər səviyyəsində strateji sazişlər mövcud olsa da, xalqlarımız bir-birini hələ kifayət qədər tanımır. Buna görə insan kapitalına xüsusi diqqət yetirilməlidir. Şuşa Bəyannaməsində nəzərdə tutulan kimliklə səfər, yaşayış imkanlarının asanlaşdırılması, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq imkanları digər uyğun üzv ölkələrə də genişləndirilməlidir. Ortaq tarixi və mədəni irsin qorunması və tanıdılması prioritet olaraq qalmalıdır.
Türk dünyası suveren və bərabər dövlətlərin ortaq təhlükəsizliyini, rifahını, nəqliyyat və mədəni əlaqələrini qorumaq üçün zərurət yarandıqda vahid strateji iradə ilə hərəkət edə bildiyi çoxmərkəzli həmrəylik məkanı olmalıdır. Onun əsl gücü vahid mərkəzdən idarə olunmasında deyil, müxtəlif dövlətlərin müstəqil iradələrini mühüm tarixi məqamlarda ortaq strateji iradəyə çevirə bilməsindədir.
Akmaljon Mamatov: Universitetlər və tədqiqat mərkəzləri arasında birgə layihələrin artırılması da uzunmüddətli perspektivdə Türk dünyasının elmi potensialını gücləndirəcək
1.Növbəti 10–20 il ərzində ən mühüm məqsədin mövcud əməkdaşlığı daha konkret və davamlı hala gətirmək olduğunu düşünürəm. Türk Dövlətləri Təşkilatı siyasi dialoqla yanaşı, iqtisadiyyat, təhsil, elm, texnologiya, nəqliyyat və enerji sahələrində də ortaq nəticələr ortaya qoymalıdır.
Xüsusilə ticarətdəki texniki maneələrin azaldılması mühüm əhəmiyyət daşıyır. Türk dövlətləri arasında standartların, ölçmə nəticələrinin və uyğunluq sənədlərinin qarşılıqlı tanınması ticarəti asanlaşdırır. Bu məsələ mənim fəaliyyət sahəmlə də birbaşa bağlıdır. Metrologiya və standartlaşdırma sahəsində yaxınlaşma ölkələr arasında etimadı artırır və müəssisələrin əlavə və lazımsız xərclərini azaldır.
Universitetlər və tədqiqat mərkəzləri arasında birgə layihələrin artırılması da uzunmüddətli perspektivdə Türk dünyasının elmi potensialını gücləndirəcək.
2. Məncə, siyasi, iqtisadi və humanitar əməkdaşlıq paralel şəkildə inkişaf etməlidir. Nəqliyyat dəhlizləri və enerji bağlantıları bunun mühüm təməlini təşkil edir, lakin bunlar təkbaşına kifayət deyil.
Su ehtiyatları, iqlim dəyişiklikləri, quraqlıq, enerji səmərəliliyi və təbii fəlakətlər kimi məsələlərlə bağlı birgə elmi tədqiqatlar aparılmalıdır.
Ortaq tədqiqat fondları, laboratoriyalar, tələbə və alim mübadiləsi proqramları yaradıla bilər. İqtisadi sahədə rəqəmsal gömrük sistemləri, ortaq texniki standartlar və qarşılıqlı tanınan sertifikatlaşdırma mexanizmləri böyük fayda verə bilər.
Türk dünyasının qlobal miqyasda daha təsirli bir mərkəzə çevrilməsi mümkündür. Bunun üçün güclü institutlara, səmərəli koordinasiyaya, elm və texnologiyaya investisiya qoyuluşuna ehtiyac var. Ən əsası isə qəbul edilən qərarların vətəndaşlara və biznes dünyasına real fayda verməsidir.
3.2040–2045-ci illərə doğru ortaq vizyonun qarşılıqlı hörmət, etimad, ortaq maraqlar və uzunmüddətli əməkdaşlıq üzərində qurulmalı olduğunu düşünürəm. Şuşa Bəyannaməsi bu baxımdan mühüm siyasi mesaj verdi. Növbəti mərhələdə isə bu həmrəyliyin iqtisadiyyat, elm, təhsil və texnologiya sahələrində də konkret şəkildə özünü göstərməsi lazımdır. Türk dövlətləri müntəzəm siyasi məsləhətləşmə mexanizmlərini gücləndirməli, nəqliyyat şəbəkələrini bir-birinə bağlamalı və ortaq elmi layihələrin sayını artırmalıdır. Gənclərin bir-birini daha yaxından tanıması da çox vacibdir. Ortaq tarix və mədəniyyət qorunmaqla yanaşı, yeni nəslin süni intellekt, mühəndislik, rəqəmsal iqtisadiyyat və yaşıl texnologiyalar kimi sahələrdə birlikdə fəaliyyət göstərməsi təşviq edilməlidir.
Məncə, güclü Türk dünyası yalnız ortaq keçmişə deyil, həm də ortaq gələcəyi birlikdə qurmaq qabiliyyətinə əsaslanır.
Fuad Hüseynzadə
Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində hazırlanmışdır. Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.