Azərbaycanda bunu deyənlərə 10 min manat veriləcək – DETALLAR


Korrupsiya və rüşvət faktları barədə məlumat verən şəxslərin həvəsləndirilməsi ilə bağlı yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur. Yeni qanun layihəsinə əsasən, verdiyi məlumat təsdiqləndiyi halda şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat ödənilə, cinayət işi nəticəsində dövlətə qaytarılan vəsaitin və ya təmin edilmiş maddi ziyanın isə 5 faizi verilə bilər.

Bəs rüşvət və korrupsiya faktları barədə məlumat verən şəxs kimə müraciət etməlidir? Onun anonimliyi hansı hallarda qorunacaq? Məlumatı təqdim edən şəxs istintaq və ya məhkəmə prosesində şahid qismində ifadə verməli olacaqmı?

Globalinfo.az-a danışan deputat Samir Vəliyev deyib ki, həmin korrupsiya faktı barədə məlumatın təqdim edilməsi üçün, birinci növbədə şəxsin işlədiyi və ya korrupsiya faktının baş verdiyi təşkilat daxilində müəyyən edilmiş səlahiyyətli struktur bölməyə və ya səlahiyyətli şəxsə müraciət etmək imkanı var:

“Lakin əgər məlumat həmin səlahiyyətli şəxsin özü ilə bağlıdırsa, bu halda təşkilatın rəhbərinə müraciət edilə bilər. Əgər məlumat təşkilatın rəhbəri ilə bağlıdırsa, bu halda şəxs daha yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət edə bilər. Yeni layihə məlumatların verilməsi, qəbulu, qeydiyyata alınması və araşdırılması qaydalarının ayrıca sistemləşdirilməsini nəzərdə tutur. Məlumat araşdırıldıqdan sonra hüquq pozuntusunun xarakterindən asılı olaraq intizam, inzibati və ya mülki-hüquqi tədbirlər görülə, cinayət əlamətləri olduqda isə materiallar aidiyyəti qurumlara göndərilə bilər”.

Deputat bildirib ki, qanun məlumat verən şəxsin anonimliyini qoruyur:

“Eyni zamanda, məlumat verənin yalnız özünün deyil, yaxınlarının da təhlükəsizliyinin təmin edilməsi məsələsi həmin layihənin əsas müddəalarından biridir. Burada biz anonimlik və konfidensiallıq anlayışlarını fərqləndirməliyik. Bununla yanaşı, məlumat verənin və yaxınlarının təhdid və təhlükə ilə üzləşməsi halında dövlət müdafiəsi mexanizmlərinin tətbiqi nəzərdə tutulur”.

samir veliyev

Samir Vəliyev

Məlumat verən şəxsin mütləq istintaqda və ya məhkəmədə şahid olub-olmayacağı məsələsinə gəlincə, Samir Vəliyev deyib ki, bu, məcburi deyil:

“Əksinə, burada Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərdə məlumat verən şəxsin öz razılığı ilə şahid qismində dindirilməsi məsələsi nəzərdə tutulur. Yəni yalnız korrupsiya faktı barədə məlumat verdiyinə görə şəxsin avtomatik şəkildə şahid statusuna cəlb edilməsi layihədən irəli gəlmir”.

S.Vəliyev qeyd edib ki, qanunda məlumat verən şəxsə mükafat verilməsi nəzərdə tutulur:

“Bu da birbaşa həvəsləndirmə mexanizmi ilə bağlıdır. Məlumat təsdiqləndiyi halda, şəxsə minimum əməkhaqqının 25 mislinədək (10 min manatadək – red.) mükafat verilməsi nəzərdə tutulur. Bundan əlavə, cinayət işi nəticəsində dövlətə qaytarılan vəsaitin və ya təmin edilmiş hər hansı maddi ziyanın 5 faizi məlumat verən şəxsə ödənilə bilər. Məlumatın təsdiqlənməsindən sonra həmin mükafatın ödənilməsi üçün 10 iş günü müddət nəzərdə tutulduğu bildirilir”.


MANŞET XƏBƏRLƏRİ