İtaliyanın Baş naziri Giorgia Meloni İkinci Dünya Müharibəsindən bəri ölkənin ən uzun müddət vəzifədə qalan baş naziri olmağa hazırlaşır.
Turkustan.az xəbər verir ki, 2022-ci ilin oktyabrında hakimiyyətə gələn Meloni Silvio Berluskoninin 2005-ci ildə müəyyən etdiyi 1412 günlük fasiləsiz hakimiyyət rekordunu keçmək üzrədir.
Meloni bu mərhələni qeyd etmək üçün sentyabrın 4-də mitinq keçirməyi planlaşdırır. O, rəhbərlik etdiyi koalisiyanın bu günədək hakimiyyətdə qalmasını əsas nailiyyətlərindən biri kimi təqdim edəcək.
Son 80 ildə 68 hökumət dəyişikliyi yaşayan İtaliya hazırkı qlobal qeyri-sabitlik fonunda bir sıra Avropa ölkələri ilə müqayisədə daha sabit siyasi mənzərə nümayiş etdirib. Fransada 2022-ci ilin payızından etibarən beş, Böyük Britaniyada isə dörd baş nazir dəyişib.
Analitiklər əsasən Meloninin ən mühüm nailiyyətlərindən birinin İtaliyanın kövrək dövlət maliyyəsinə olan inamı bərpa etməsi olduğunu düşünürlər.
Meloni hakimiyyəti dövründə kəskin dəyişikliklərdən çəkinərək əsas diqqəti ictimai asayiş və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəldib. Hökumət polis səlahiyyətlərini genişləndirib və qanunsuz miqrasiyaya qarşı sərt tədbirlər həyata keçirib.
Bu siyasətin fonunda ölkəyə daxil olan qanunsuz miqrantların sayı 2023-cü ildəki 157 651 nəfərdən ötən il 66 316 nəfərə qədər azalıb.
Aytən Yaşar/ Turkustan.az