Süleymancılar necə böyüdü? Alihan Kuriş kimdir - 1920-ci illərdən bu günə uzanan tarixçə


Türkiyədə Süleymancılar dini icmasına qarşı keçirilən genişmiqyaslı əməliyyat təşkilatın tarixi, strukturu və kommersiya əlaqələrini yenidən gündəmə gətirib.

Turkustan.az xəbər verir ki, Ankara Baş Prokurorluğunun həyata keçirdiyi əməliyyat çərçivəsində icmanın rəhbəri Alihan Kuriş də daxil olmaqla çox sayda şəxs saxlanılıb.

İstintaq çərçivəsində şübhəlilərə cinayət təşkilatı yaratmaq və idarə etmək, təşkilata üzv olmaq, cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması, dövlət qurumlarının zərərinə dələduzluq və vergi qanunvericiliyinin pozulması ilə bağlı ittihamlar irəli sürülüb.

Qeyd edək ki, icmanın əsası 1920-ci illərdə qoyulub.

Süleymancıların tarixinin 1920-ci illərə, Süleyman Hilmi Tunahanın fəaliyyətinə qədər getdiyi bildirilir.

Tunahan 1938-ci ildə vaizlik fəaliyyətinə başlayıb. Həmin dövrdə evlərin zirzəmilərində və məscid otaqlarında Quran dərsləri təşkil edib.

1950-ci ildə Demokrat Partiyasının hakimiyyətə gəlməsindən sonra Çamlıcada qanuni dini kursların fəaliyyətinə başlanılıb. 1966-cı ilə qədər Türkiyə üzrə bu kursların sayı minlərlə ifadə olunacaq səviyyəyə çatıb.

Süleyman Hilmi Tunahanın 1959-cu ildə vəfatından sonra icmanın rəhbərliyi onun kürəkəni Kemal Kacara keçib. 2000-ci ildə rəhbərliyi Tunahanın nəvəsi Arif Ahmet Denizolgun, 2016-cı ildə isə digər nəvəsi Alihan Kuriş üzərinə götürüb.

Məlumata görə, Süleymancılar Türkiyədə əsasən tələbə yataqxanaları və dini kurslar vasitəsilə təşkilatlanıblar.

İcmanın fəaliyyəti təhsil sahəsi ilə yanaşı biznes sektoruna da yayılıb. Təşkilatın Türkiyə daxilindəki fəaliyyəti ilə yanaşı, xarici ölkələrdə də müxtəlif qurum və təşkilatlar vasitəsilə şəbəkə yaratdığı bildirilir.

Halk TV-nin məlumatına görə, Süleymancıların xaricdəki təşkilatlanmasının mühüm mərhələlərindən biri 1973-cü ildə Almaniyanın Köln şəhərində İslam Mədəniyyət Mərkəzlərinin yaradılması olub.

Süleymancılara qarşı aparılan araşdırma çərçivəsində bir sıra şirkətlərdə də axtarış aparıldığı bildirilir.

İstintaqla əlaqələndirilən şirkətlər arasında Ayakkabı Dünyası, ŞMS Gıda, Armine Giyim, Hisar Sağlık, Arden Market, İsabet Okulları və Hisar Tur kimi şirkətlərin adları çəkilir.

Halk TV-nin başqa bir məlumatına görə, əməliyyat çərçivəsində Ayakkabı Dünyasının qurucu ailəsinin nümayəndələrindən Mehmet Akbacakoğlu da saxlanılan şəxslər arasında olub. Hisar Sağlık şirkətində isə axtarış və müsadirə əməliyyatlarının aparıldığı bildirilir.

Bəs Alihan Kuriş kimdir?

Alihan Kuriş 1979-cu il noyabrın 21-də İstanbulda anadan olub. Memar və iş adamı kimi tanınan Kuriş Süleyman Hilmi Tunahanın nəvəsidir.

2016-cı ildə Arif Ahmet Denizolgunun vəfatından sonra Süleymancıların rəhbəri olub.

Hazırkı əməliyyat çərçivəsində Kuriş və icma ilə əlaqəli çoxsaylı şəxslər barəsində istintaq aparılır.

Halk TV-nin məlumatına görə, ümumilikdə 49 nəfər barəsində gözaltı qərarı verilib; onlardan 37-si saxlanılıb. Digər şəxslərin bir qisminin Türkiyədə, bir qisminin isə xaricdə olduğu müəyyən edilib.

Qeyd edək ki, istintaq çərçivəsində irəli sürülən ittihamlar məhkəmənin yekun qərarı ilə təsdiqlənmiş faktlar deyil. Şəxslərin hüquqi məsuliyyəti yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilə bilər./Gununsesi.info


MANŞET XƏBƏRLƏRİ