ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi 2025-ci ilin əvvəlində Yaxın Şərqə göndərildi. Vaşinqton bu qərarı regionda İranla bağlı artan gərginlik, ABŞ hərbi bazalarının təhlükəsizliyi və müttəfiqlərinə dəstəyin gücləndirilməsi zərurəti ilə izah edirdi. Gəminin əsas missiyası ABŞ-nin bölgədə hərbi çəkindiriciliyini artırmaq, mümkün hücumların qarşısını almaq və lazım gələrsə, hava əməliyyatlarını həyata keçirmək idi. Lakin aylarla davam edən missiya təkcə geosiyasi deyil, həm də minlərlə amerikalı hərbçinin ağır məişət və xidmət şəraitini gündəmə gətirərək Pentaqonun qarşısında yeni suallar yaradıb. Bu nəhəng gəmidə xidmət edən minlərlə hərbçinin artıq 250 gündən çoxdur quruya ayaq basmadan ağır şəraitdə yaşadığı bildirilir.
Məlumatlara görə, ekipaj üzvləri qida çatışmazlığı, santexnika problemləri, gigiyena vasitələrinin qıtlığı, uzunmüddətli yorğunluq və psixoloji gərginlikdən əziyyət çəkir. ABŞ Konqresinin bir qrup üzvü Pentaqondan vəziyyətə aydınlıq gətirməyi tələb edib.
Konnektikut senatoru Riçard Blumental müharibə naziri Pit Heqsetə göndərdiyi məktubda gəmidəki vəziyyəti narahatedici adlandırıb. Onun sözlərinə görə, suyun keyfiyyəti, santexnika nasazlıqları, poçt sisteminin iflası, ruhi sağlamlıq problemləri və əsas təminat çatışmazlığı barədə məlumatlar dərhal araşdırılmalıdır.
Kaliforniyalı konqresmen Mayk Levin isə daha sərt ifadələr işlədib. Onun sözlərinə görə, gəmidə küflənmiş duşlar, işləməyən tualetlər, həftələrlə yuyulmayan paltarlar, isti su çatışmazlığı, sabun və diş məcununun olmaması adi hala çevrilib. Bəzi hərbçilərə verilən yeməyin isə cəmi yarım stəkan düyü və iki tortilladan ibarət olduğu iddia edilir.
Turkustan.az xəbər verir ki, ABŞ hərbi nəşrləri "Military Times" və "Stars & Stripes" ekipaj üzvlərinin bir qisminin psixoloji gərginlik səbəbindən dənizə tullanmağı düşündüyünü yazıb.
"CBS News"un məlumatına görə isə bu ayın əvvəlində bir dənizçi dənizə düşüb, helikopterlə xilas edilərək tibbi yardım alıb.
BBC-yə danışan hərbçi yaxınlarından isə bildirib ki, ailə üzvü xidmət dövründə təxminən 29 kiloqram çəki itirib. Onun sözlərinə görə, gəmidə fasiləsiz işləyən mühərriklərin və döyüş təyyarələrinin yaratdığı səs-küy insanlarda ağır psixoloji gərginlik yaradır.
"Daim titrəyən metal şəhərdə yaşayırsan. Yatanda da, yemək yeyəndə də, duş qəbul edəndə də sakitlik yoxdur", – deyə anonim mənbə bildirib.
ABŞ müharibə naziri Pit Heqset isə yayılan məlumatların "tamamilə təhrif olunduğunu" deyib. Onun sözlərinə görə, hərbi rəhbərlik bütün ekipajın ehtiyaclarını təmin edir və bəzi yerləşdirmələrin planlaşdırıldığından uzun çəkməsi hərbi əməliyyatların xüsusiyyətidir.
ABŞ Hərbi Dəniz Qüvvələri də intihar cəhdlərinin artması barədə məlumatları təsdiqləməyib. Rəsmi açıqlamada bildirilib ki, döyüş əməliyyatları səbəbindən logistika çətinləşsə də, gəmidə təmiz su, işlək kondisioner və qida təminatı davam edir.
"USS Abraham Lincoln" ötən ilin noyabrında Kaliforniyadan yola düşərək əvvəlcə Cənubi Çin dənizinə göndərilmişdi. Daha sonra İran ətrafında yaranan hərbi gərginlik fonunda gəminin missiyası Yaxın Şərqə uzadılıb.
Əslində may ayında başa çatmalı olan xidmət müddəti bir neçə dəfə uzadılıb. Hazırda ABŞ mediası gəminin yaxın vaxtlarda "USS George Washington" ilə əvəz olunacağını yazır. Lakin ekipajın nə vaxt evə qayıdacağı barədə rəsmi tarix açıqlanmayıb.
Hərbi ekspertlər bildirirlər ki, dünyanın ən güclü donanmasına sahib olmaq belə uzunmüddətli əməliyyatların yaratdığı insan amili problemini aradan qaldırmır. Son illərdə aparılan araşdırmalar ABŞ Hərbi Dəniz Qüvvələrində psixoloji gərginlik və intihar riskinin ordunun digər növləri ilə müqayisədə daha yüksək olduğunu göstərib.
"USS Abraham Lincoln" ətrafında yaranan mübahisə bir daha göstərir ki, qlobal hərbi güc nümayişinin ən ağır yükünü bəzən siyasətçilər deyil, aylarla okeanda qalan sıravi hərbçilər daşıyırlar. /Musavat.com/