Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreyanın Rusiyaya 30-50 min hərbçi göndərməyə hazırlaşdığını iddia edib.
Turkustan.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Kiyevin əldə etdiyi məlumatlar Pxenyanın Rusiyada on minlərlə yeni hərbçi yerləşdirmək qərarına gəldiyini göstərir. O bildirib ki, bu rəqəm daha əvvəl səsləndirilən 30 minlik ehtimaldan da yüksəkdir.
Ukrayna lideri Şimali Koreyanın Rusiyaya dəstəyinin yalnız canlı qüvvə ilə məhdudlaşmadığını da qeyd edib. Onun sözlərinə görə, Ukrayna ərazisində Şimali Koreya istehsalı raketlər aşkarlanıb.
Zelenski hesab edir ki, Pxenyan Rusiya-Ukrayna müharibəsində iştirak etməklə müasir müharibə texnologiyaları və taktikasını öyrənir və əldə etdiyi təcrübədən gələcəkdə Asiya-Sakit okean regionunda istifadə edə bilər.
Bundan başqa, Ukrayna hərbi kəşfiyyatının qiymətləndirməsinə əsasən, Şimali Koreyaya məxsus raket bölməsinin Rusiyanın qərb hissəsində yerləşdirildiyi iddia olunur. Bölmənin 120-yə qədər ballistik raket və 6 buraxılış qurğusuna malik ola biləcəyi bildirilir.
Zelenski Cənubi Koreyaya da müraciət edərək Ukraynaya, xüsusilə hava hücumundan müdafiə sistemləri sahəsində yardım göstərməyə çağırıb.
Qeyd edək ki, Şimali Koreyanın 2024-cü ildə Rusiyanın Kursk vilayətinə təxminən 14 min hərbçi göndərdiyi bildirilmişdi. Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlıq Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın 2024-cü ilin iyununda imzaladığı strateji tərəfdaşlıq müqaviləsindən sonra daha da intensivləşib./Publika.az