Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədənində baş verən metan qazı partlayışı və ardınca yaşanan çökmə nəticəsində azı 6 mədənçi həyatını itirib.
Turkustan.az xəbər verir ki, Dövlət müfəttişi Qani Balochun verdiyi məlumata görə, hadisə Soranj bölgəsində yerləşən və "Sardar Usman Kömür Şirkəti" tərəfindən istismar edilən özəl kömür mədənində baş verib.
Partlayışdan sonra mədənin çökməsi nəticəsində 6 mədənçinin meyiti çıxarılıb, daha 42 nəfər isə yerin altında qalıb.
Bəlucistanın Mədən və Minerallar naziri Mir Şoaib Noşervani bildirib ki, hadisədən dərhal sonra xilasetmə əməliyyatına başlanılıb. Onun sözlərinə görə, həlak olan altı mədənçinin cəsədi tapılıb və digər işçilərin xilas edilməsi üçün əməliyyat fasiləsiz davam etdirilir.
Qeyd edək ki, Pakistanda kömür mədənlərində metan qazı partlayışları, qeyri-kafi ventilyasiya sistemi və təhlükəsizlik qaydalarına tam əməl olunmaması səbəbindən belə qəzalar tez-tez baş verir.
Aytən Yaşar/ Turkustan.az