ABŞ Dövlət Departamenti Konqresə məktub göndərərək Türkiyənin hələ də “F-35” qırıcı təyyarələrinin satışı üçün zəruri tələblərə cavab vermədiyini bildirib. Məlumatı 22 iyulda göndərilmiş olan sənədi əldə edən “Foks Nyus” yayıb.

Məktubda qeyd olunub ki, ABŞ qanunvericiliyi Ankaranın Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərinə və əlaqəli avadanlıqlara sahib olduğu müddətcə və gələcəkdə onları almamaq öhdəliyi götürənə və "Konqres tərəfindən müəyyən edilmiş digər sertifikatlaşdırma tələblərinə" cavab verənə qədər “F-35”lərin Türkiyəyə verilməsini qadağan edir.
Dövlət Departamentinin Kapitoliyə göndərilən sənədində deyilir: "Türkiyə hələ bu şərtlərə cavab vermir".
Bəs Türkiyə “F-35” ala bilmək üçün “S-400”lərdən imtina edə bilərmi?
Polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Türkiyə bu yaxınlarda “S-400”lərdən imtina edə biləcəyini açıqlayıb, lakin ABŞ-nin “F-35” məsələsində mövqeyinin dəyişmədiyi görünür: “S-400” məsələsinin yenə də qabardılması bəhanədir. ABŞ “F-35”lərin Türkiyəyə satışına hələ ki hazır deyil. Ən müxtəlif bəhanələrlə Türkiyəyə “F-35”ləri satmaq istəmir. Ona görə də hesab edirəm ki, hətta sabah Türkiyə “S-400”lərdən imtina etsə, onları başqa ölkəyə versə belə, ABŞ-dən başqa şərtlər səslənəcək. ABŞ razılaşma olmasına baxmayaraq, modernləşdirilmiş “F-16” qırıcılarını da Türkiyəyə satmayıb”.
Onun fikrincə, bu silahları Türkiyəyə satmamaq üçün ABŞ-yə İsraildən və daxildən təzyiqlər var.
“Vaşinqton bilir ki, Türkiyənin yaxın perspektivdə “S-400” sistemlərindən tamamilə imtinası asan məsələ deyil. Əvvəla, bu sistemlər Ankaranın milyardlarla dollar vəsait xərclədiyi, daxili siyasətdə isə "müstəqil müdafiə qərarı" kimi təqdim etdiyi strateji layihədir. Bu sistemlərdən imtina hakimiyyət üçün həm siyasi, həm də maliyyə baxımından ciddi reputasiya itkisi yarada bilər. İkincisi, ABŞ-nin tələbi yalnız mövcud “S-400”lərdən imtina ilə məhdudlaşmır. Vaşinqton həm də Türkiyənin gələcəkdə Rusiyadan oxşar hərbi sistemlər almaması barədə öhdəlik götürməsini və Konqresin müəyyən etdiyi digər şərtləri yerinə yetirməsini istəyir. Bu isə Ankaranın müdafiə siyasətini uzunmüddətli şəkildə məhdudlaşdıran tələb kimi qiymətləndirilir”, - deyə ekspert belə şərh edib.

Onun sözlərinə görə, bununla belə, “F-35” proqramı Türkiyə üçün strateji baxımdan son dərəcə vacibdir: “Beşinci nəsil qırıcıların əldə edilməsi Türkiyə Hərbi Hava Qüvvələrinin gələcək 30-40 illik döyüş imkanlarını müəyyənləşdirə bilər. F-35 təkcə müasir döyüş təyyarəsi deyil, həm də NATO-nun şəbəkə mərkəzli əməliyyat sisteminin əsas elementlərindən biridir Proqramdan kənarda qalmaq Türkiyənin hava üstünlüyünə müəyyən mənada təsir göstərir”.
Ekspert qeyd edib ki, S-400 və F-35 fərqli funksiyalar yerinə yetirən sistemlərdir: “S-400 hava hücumundan müdafiə kompleksidir, F-35 isə hücum və çoxməqsədli döyüş təyyarəsidir. Buna görə də onları bir-birinin alternativi hesab etmək düzgün olmaz”.
Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan dörd batalyon S-400 hava hücumundan müdafiə sistemi aldıqdan sonra F-35 proqramından kənarlaşdırılıb.