Nazir sükutunu pozdu! Sənədi imzalamamasının səbəbi məlum oldu


Ankarada Türkiyə ilə İraq arasında İnkişaf Yolu Layihəsi üzrə keçirilən imzalanma mərasimində yaşandığı iddia olunan böhran müzakirələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, İraqın nəqliyyat naziri Vehb Hasani müqaviləni imzalamaqdan imtina etdiyi barədə yayılan iddialara cavab verərək, hadisənin yalnız texniki və protokol məsələlərindən qaynaqlandığını bildirib.

Hasani açıqlamasında qeyd edib ki, anlaşma memorandumunun yekun mətninin hazırlanması zamanı Türkiyə tərəfi ilə aparılan danışıqlarda müəyyən texniki və protokol xarakterli məsələlər yaranıb. Onun sözlərinə görə, imzalanma mərasimində yaşanan vəziyyət də məhz bununla bağlı olub və ictimaiyyətdə yanlış təəssürat formalaşdırıb.

Nazir həmçinin İranın göstərişi ilə hərəkət etdiyi barədə səsləndirilən iddiaları qəti şəkildə təkzib edib və bunların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Hasani bildirib ki, Nəqliyyat Nazirliyi anlaşma memorandumunun imzalanması üçün bütün zəruri rəsmi prosedurları və texniki hazırlıqları vaxtında başa çatdırıb.

O əlavə edib ki, İnkişaf Yolu Layihəsi İraq üçün strateji əhəmiyyət daşıyır və hökumət layihənin həyata keçirilməsini tam dəstəkləyir.

Nazirin sözlərinə görə, bütün prosedurlar tamamlandıqdan sonra çərçivə anlaşma memorandumu elə həmin gün imzalanıb və layihə ilə bağlı hər hansı siyasi böhran yaşanmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ