ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində erməni silahlı qruplaşması ASALA-nın üzvü olmuş Monte Melkonyanın xatirəsinə abidə ucaldılması təşəbbüsü müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, Erməni-Amerika İnformasiya Mərkəzinin yaydığı məlumata görə, “Ararat” erməni qəbiristanlığında Monte Melkonyanın abidəsinin təməlqoyma mərasimi keçirilib. Tədbirdə Fresno şəhərindəki erməni icmasının nümayəndələri, ABŞ-da fəaliyyət göstərən erməni təşkilatlarının üzvləri və digər iştirakçılar iştirak ediblər.
Məlumata əsasən, qranitdən hazırlanacaq abidə əvvəllər həmin ərazidə qoyulmuş Soqomon Teyleryanın büstünün yaxınlığında yerləşdiriləcək.
Monte Melkonyan 1970–1980-ci illərdə Türkiyə diplomatlarına qarşı silahlı hücumlar həyata keçirmiş ASALA təşkilatının rəhbər simalarından biri kimi tanınıb. ABŞ Dövlət Departamenti həmin dövrdə ASALA-nı terror təşkilatı kimi qiymətləndirib.
Melkonyan 1985-ci ildə Fransada saxta sənədlər saxlamaq və qanunsuz silah gəzdirmək ittihamları ilə həbs olunaraq altı il azadlıqdan məhrum edilib. Daha sonra Qarabağa gələrək Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycan əleyhinə döyüşlərdə iştirak edib və 1993-cü ildə məhv edilib.
ABŞ-da 11 sentyabr terror aktlarından sonra terrorizmlə mübarizə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan terror fəaliyyəti ilə əlaqələndirilən şəxsin xatirəsinin abidə ilə əbədiləşdirilməsi cəmiyyətdə və ekspert dairələrində müxtəlif suallar doğurur.
Qeyd edək ki, Ermənistanda da mübahisəli tarixi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı addımlar uzun illərdir müzakirə olunur. Bunlardan biri İkinci Dünya müharibəsi illərində nasist Almaniyası ilə əməkdaşlıq etdiyi bildirilən Qaregin Njdeyə İrəvanda abidə ucaldılması, digəri isə Osmanlı dövlətinin sabiq rəsmisi Tələt Paşanı 1921-ci ildə Berlində qətlə yetirmiş Soqomon Teyleryanın büstünün qoyulmasıdır. /KONKRET.az/