ABŞ prezidenti Donald Trampın Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi vəzifəsinə FİFA prezidenti Canni İnfantinonun namizədliyini dəstəkləmək istədiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, ABŞ-ın "New York Post" qəzetinin məsələyə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Tramp FİFA prezidenti Canni İnfantinonun bu ilin sonunda səlahiyyət müddəti başa çatacaq BMT-nin baş katibi Antonio Quterreşin yerinə seçilməsini istəyir.
Mənbələrin bildirdiyinə görə, Tramp İsveçrədə anadan olmuş 56 yaşlı İnfantinonun dünyada geniş nüfuza malik olduğuna və insanları bir araya gətirmək bacarığına inandığını düşünür.
Həmçinin iddia olunur ki, Tramp hazırkı potensial namizədlər arasında kifayət qədər güclü fiqur görmür və İnfantinonun BMT Baş katibi postu üçün uyğun namizəd olduğuna inanır.
Qeyd edək ki, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib və yalnız "New York Post" qəzetinin mənbələrinə əsaslanır.
Aytən Yaşar/ Turkustan.az